Azərbaycan iştirakı ilə yeni dəhliz: İran dəmir yolu xəttini istifadəyə verməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Parsabad
rayonunu Şərqi Azərbaycan vilayətində Miyana rayonuna birləşdirəcək
Parsabad-Miyana dəmiryolunun Ərdəbil-Miyana hissəsini – 175
kilometrini istifadəyə verməyə hazırlaşır.

Trend-in
məlumatına görə, bunu İranın Nəqliyyat İnfrastrukturlarınn
Tikintisi və İnkişafı Şirkətinin icraçı direktorunun müavini Abbas
Xətibi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən dəmir yolu xəttində tikinti
işləri başa çatdırılsa da, müəyyən səbəblərə görə, Ərdəbil-Miyana
dəmir yolu xətti istismara verilməyib.

Xətibi deyib ki, ötən həftələrdə İranın Dəmir Yolları Şirkəti
qatarların sürətinin təyin olunması üzrə iclas keçirib və tezliklə
bu dəmir yolu xətti istismara veriləcək. Texniki baxımdan bütün
lazımi işlər həyata keçirilib.




Qeyd edək ki, İran sözügedən dəmir yolu xəttinin istismara
verilməsi ilə həm Ərdəbil vilayətinin ölkənin dəmir yolu xəttinə
birləşməsini, həm də Azərbaycanın İmişli rayonu ilə dəmir yolu
əlaqəsi quraraq Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi
Avropa ölkələri istiqamətində yeni tranzit dəhlizi yaratmaq
niyyətindədir. Hazırda Ərdəbil-Miyana dəmir yolu xətti istismara
hazır olsa da, Ərdəbil-Parsabad arasında 270 kilometr uzunluğunda
xətt tikilməlidir.

Ötən il Ərdəbil valisi Məsud İmami Yeganə Trend-ə açıqlamasında
bildirib ki, Ərdəbil-Parsabad dəmir yolu xəttinin tikintisinin bir
hissəsi üzrə tədqiqat işləri başa çatdırılıb. Hazırda İranın Plan
və Büdcə Təşkilatından bu xəttin tikintisi ilə əlaqədar texniki
lisenziyanın verilməsi üzrə işlər aparılır.

Əlavə edək ki, Ərdəbil-Miyana dəmir yolu xətti ilə sərnişin
qatarlarının saatda 160 km, yük qatarlarının saatda 120 km ilə
hərəkəti planlaşdırılıb. Bu xətt ilə ildə 600 min sərnişin və 2,5
milyon ton yükün daşınması, istifadəsinin 20-ci ilində isə 1,5
milyon sərnişin və 4 milyon yükün daşınması planlaşdırılır.