
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun iştirakçıları üçün açıq hava
formatında WUF13 Bulvarı yaradılıb.
Trend xəbər
verir ki, bu barədə Prezident İlham Əliyev mayın 12-də Bakı
Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı
görülən işlərlə tanış olarkən bildirilib.
Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst
hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir
məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə
tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan
funksiyasını daşıyır.
“Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə
ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli
və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət
təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi
sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə
pavilyonu nəzərdə tutulub.
Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi
planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi
mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss
olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.
Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə
edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya
edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və
iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması
icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik
avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi
nəqliyyat planına inteqrasiya olunub.
Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda
isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər
üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub.
Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq
Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və
iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.


