Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama: narahatlıq üçün əsas yoxdur

Baş səhifə

Bakı. Trend:

Azərbaycan epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün
əsas yoxdur.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyinin son günlər beynəlxalq
informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan
məlumatlara dair açıqlamasında bildirilib.

Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına
əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində
müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab
tədbirlərini koordinasiya edir.

Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan
gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o
cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə
qəbul edilməsi nəticəsində yoluxurlar.

Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız
Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir.




Nazirlikdən bildirilib ki, Azərbaycan hantavirus üzrə endemik
bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında
bu virusa rast gəlinmir:

“Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator
müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm
insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun
müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi
bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və ÜST-lə qarşlıqlı
əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik
əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn
şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil
ediləcək”.

Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla
əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb:

“Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk
yaratmır”.