“Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycan Memarlıq və
İnşaat Universitetində (AzMİU) “Seranit Azərbaycan” və “SinerjiPro”
şirkətlərinin dəstəyi ilə “Memarlıq həftəsi”nə start verilib.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və ölkədə
elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nə həsr olunan bu həftə
memarlıq, şəhərsalma və dizayn sahəsində aktual məsələlərin
müzakirəsi, beynəlxalq təcrübənin paylaşılması və gələcəyin
memarlıq baxışlarının formalaşdırılması baxımından mühüm platforma
kimi çıxış edir.

Tədbirin açılışı AzMİU-nun “In Vision Design Talks Campus”
platformasında təşkil olunan “Memarlıq və dizaynın görüş nöqtəsi:
gələcəyi formalaşdıran ideyaların səhnəsi” mövzusunda panel
müzakirə ilə başlayıb. Paneldə müasir memarlığın çağırışları,
innovativ yanaşmalar və şəhərsalmanın perspektivləri geniş müzakirə
olunub.

Tədbirdə yerli və xarici qonaqlar, AzMİU rəhbərliyi, fakültə
dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr
iştirak ediblər. Açılış nitqi ilə çıxış edən AzMİU-nun Memarlıq
fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Memarlıq
həftəsi”nin universitet üçün xüsusi əhəmiyyət daşıdığını
vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrin nəzəri
biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi, onların
beynəlxalq memarlıq gündəmini yaxından izləməsi və peşəkar mühitlə
birbaşa əlaqə qurması baxımından olduqca vacibdir. O, universitetin
memarlıq və şəhərsalma istiqamətində həyata keçirdiyi layihələrdən
bəhs edərək bu təşəbbüslərin gələcək mütəxəssislərin
formalaşmasında mühüm rol oynadığını qeyd edib.

“Seranit Azərbaycan” şirkətinin rəhbəri Ufuk Polat çıxışında
universitet–sənaye əməkdaşlığının əhəmiyyətinə diqqət çəkərək
bildirib ki, müasir memarlıq yalnız estetik yanaşma ilə deyil, eyni
zamanda texnoloji innovasiyalar, dayanıqlı materiallar və
insanyönümlü həllər üzərində qurulmalıdır. O, gənc memarların
inkişafına dəstəyin şirkətin prioritet istiqamətlərindən biri
olduğunu vurğulayıb.

Panelin moderatoru, Türkiyənin Memar Sinan İncəsənət
Universitetinin professoru Osman Arayıcı çıxışında bu cür
platformaların fərqli ölkələrin memarlıq məktəblərini bir araya
gətirərək yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. Onun
sözlərinə görə, memarlıq yalnız bina layihələndirilməsi deyil, həm
də şəhərlərin gələcəyinin formalaşdırılması və insanların həyat
keyfiyyətinin yüksəldilməsi missiyasını daşıyır.

Paneldə çıxış edən tanınmış memar Sinan Kafadar Azərbaycanda
həyata keçirdiyi layihə lərdən bəhs edərək ölkədə son illərdə
müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirib və
Azərbaycanın regional memarlıq mərkəzlərindən birinə çevrilmək
potensialını vurğulayıb. O, yerli memarlıq ənənələrinin qorunması
ilə müasir yanaşmaların vəhdətinin vacibliyini qeyd edib.




Memar Yeşeren Ersan çıxışında süni intellekt texnologiyalarının
müasir memarlıq prosesində artan rolundan bəhs edib. O bildirib ki,
süni intellekt artıq yalnız texniki alət deyil, eyni zamanda
yaradıcılığı dəstəkləyən və qərarvermə prosesini sürətləndirən
mühüm vasitəyə çevrilib.

“Project Bureau Azerbaijan”ın direktoru, memar Tusi Əliyev
ölkədə həyata keçirilən iri memarlıq və urbanistik layihələrdən
danışaraq beynəlxalq təcrübənin yerli bazara inteqrasiyasının
əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, müasir şəhərsalma
yanaşmaları insan mərkəzli planlaşdırma, ekoloji dayanıqlılıq və
innovativ həllər üzərində qurulmalıdır.

Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə isə
çıxışında gənc memarların peşəkar inkişafına dəstəyin
artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, belə tədbirlər
gənclərin beynəlxalq memarlıq ictimaiyyəti ilə əlaqələrinin
genişlənməsinə və onların peşəkar şəbəkələrinin formalaşmasına
mühüm töhfə verir.

İnteraktiv formatda davam edən panel müzakirələr zamanı
tələbələrin çoxsaylı sualları cavablandırılıb, memarlıq təhsilinin
gələcək perspektivləri, beynəlxalq təcrübə proqramları və rəqəmsal
texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İştirakçıların aktivliyi yüksək qiymətləndirilib və bu kimi
platformaların gənc memarların dünyagörüşünün genişlənməsində mühüm
rol oynadığı vurğulanıb.

“Memarlıq həftəsi” çərçivəsində növbəti günlərdə müxtəlif
mövzularda tədbirlərin, seminarların və müzakirələrin keçirilməsi
nəzərdə tutulur. Həftə boyunca iştirakçılar memarlıq və şəhərsalma
sahəsində ən son tendensiyalarla tanış olmaq, aparıcı
mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni peşəkar imkanlar
əldə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, “Memarlıq həftəsi” AzMİU-nun beynəlxalq əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi, memarlıq təhsilinin keyfiyyətinin
yüksəldilməsi və ölkədə müasir memarlıq düşüncəsinin inkişafına
töhfə verilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən
biridir.