
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarında hantavirusa yoluxma şübhəsi ilə
daha iki nəfər karantinə yerləşdirilib və hazırda həkimlərin
nəzarətindədirlər.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Merilend ştatının sakinləri – evə qayıdan başqa
bir amerikalı ilə təyyarənin göyərtəsində təmasda olublar. Həmin
şəxsdə hantavirus aşkarlanıb.
Qeyd edək ki, ötən gün hantavirusun yayıldığı kruiz gəmisinin
ABŞ-yə çatdırılan 17 sərnişinindən 16-nın əlavə müayinələrin və
profilaktik müalicə kursunun aparılması üçün Nebraska
Universitetinin Tibb Mərkəzinin yeni xüsusi təhlükəli patogentlər
üzrə Regional müalicə mərkəzinə yerləşdiriləcəyi bildirilmişdi.
Laynerin 17-ci amerikalı sərnişinində isə Andes hantavirusunun
olduğu müəyyən edilib.
Bundan əvvəl Niderland Xarici İşlər Nazirliyi bildirmişdi ki,
Niderlanddan olan turistin ölümündən sonra hantavirusun yayıldığı
MV Hondius laynerində olan təxminən 40 sərnişin, o cümlədən Böyük
Britaniya və Niderland vətəndaşları, həmçinin ABŞ, Almaniya,
Kanada, Çili, Türkiyə və daha beş ölkədən olan sərnişinlər Müqəddəs
Yelena adasında gəmini tərk ediblər.

