
Bakı. Trend:
Azərbaycan Respublikasının Təhsil İnstitutu 2026-cı ilin iyun
ayında keçiriləcək 4-cü sinif şagirdlərinin oxu (tədris dili) və
riyaziyyat, 6-cı sinifdə təhsil alan şagirdlərin oxu (tədris dili),
riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin
çərçivə sənədi hazırlayıb.
Trend xəbər verir
ki, bu barədə ARTİ məlumat yayıb.
Məlumata görə, bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris
dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq tərtib
ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (hər mətndən 1
açıq tapşırıq olmaqla), həmçinin şagirdlərin sözləri tanıma
bacarıqlarının ölçülməsini hədəfləyən 3 ədəd şəkil əsaslı tapşırıq
veriləcək. Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq
nəzərdə tutulur, bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə
həlli tələb olunan açıq tapşırıq olacaq.
6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən
ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı
tapşırıq olacaq (seçilmiş 2 mətndən hər birində 1 açıq tapşırıq
olmaqla), riyaziyyat fənni üzrə sualların strukturu isə 4-cü
siniflərdə olduğu kimidir: 3-ü həlli tələb olunmayan, 2-si isə
həlli tələb olunan açıq tapşırıq veriləcək.


