Dövlət Neft Fondunun investisiya portfelinin pay bölgüsü açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)
investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin
xüsusi çəkisi 33,8%-ə bərabər olub.

Bu barədə ARDNF-nin məlumatında bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 5,1 faiz
bəndi azdır.

Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində
səhmlərin payı isə 28,1% təşkil edib ki, bu da illik müqayisədə 2,4
faiz bəndi çoxdur.

Bundan başqa, fondun investisiya portfelində qızılın payı
28,8%-dən (181,1 ton) 31,4%-ə (178,1 ton) yüksəlib.

Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz
əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə
müqayisədə dəyişməyərək 6,7% təşkil edib.

Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 72,595
milyard ABŞ dolları təşkil edib ki, bu, ötən ilin eyni dövrünə
nisbətən 6,1 milyard ABŞ dolları və ya 9,1% artım deməkdir.




ARDNF investisiya portfelində aktivlərin şaxələndirilməsi
strategiyasını davam etdirərkən, Fondun iştirak etdiyi beynəlxalq
investisiya platformaları da genişlənir. Bu baxımdan, İndoneziya
İnvestisiya Qurumunun (INA) Trend-ə verdiyi müsahibədə “Galaxy
Orientis” Çin–ASEAN İnvestisiya Platformasında (CAIP) ARDNF-nin
rolu xüsusi vurğulanıb.

İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital
Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisnonun Trend-ə verdiyi
müsahibəyə görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) platformanın
təsisçi suveren investorlarından biri kimi mühüm strateji rol
oynayır.

“Azərbaycan Respublikası Dövlət Neft Fondu platformanın təsisçi
suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı
üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri
boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı
dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir”, – deyə
Merlissa Trisno bildirib.

Onun sözlərinə görə, CAIP Çin İnvestisiya Korporasiyası (CIC),
İndoneziya İnvestisiya Qurumu (INA) və ARDNF-nin maliyyə
imkanlarını, institusional təcrübəsini və beynəlxalq şəbəkələrini
bir araya gətirərək regionda yüksək keyfiyyətli investisiya
layihələrinin maliyyələşdirilməsini hədəfləyir.

“Platforma uzunmüddətli kapitalı, institusional təcrübəni və
qlobal şəbəkələri birləşdirərək yüksək keyfiyyətli investisiya
imkanları vasitəsilə regionun inkişafına töhfə verməyi qarşıya
məqsəd qoyur”, – deyə o qeyd edib.

Merlissa Trisno əlavə edib ki, hazırda platforma üzrə təxminən
520 milyon ABŞ dolları həcmində ilkin maliyyələşdirmə təmin olunub,
ümumi hədəf isə 1 milyard ABŞ dollarıdır. Onun sözlərinə görə,
gələcəkdə yeni institusional investorların cəlb olunması da nəzərdə
tutulur.

“Hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin,
ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi
və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin
yaradacaq”, – deyə INA rəsmisi vurğulayıb.