
Bakı.Trend:
Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda rəqabət Avropanın
qış mövsümünə hazırlığını təhlükə altına qoyur. Hörmüz boğazında
ticarət gəmilərinin o cümlədən tankerlərin hərəkətinin çətinləşməsi
fonunda Avropa qaz ehtiyatlarını əvvəlki illərlə müqayisədə daha
ləng toplayır, Asiya ölkələri isə bazarda mövcud olan LNG yüklərini
sürətlə alır.
Bu barədə Bloomberg yazır.
Nəşrin məlumatına görə, uzunmüddətli tədarük pozuntularının
iqtisadi nəticələri ciddi ola bilər. “Baringa Partners” konsaltinq
şirkətinin qiymətləndirməsinə əsasən, qaz və elektrik enerjisinin
bahalaşması ilin sonuna doğru Böyük Britaniya və Avropa
iqtisadiyyatının zəifləməsinə səbəb ola bilər.
Bloomberg qeyd edir ki, Avropa hökumətləri və enerji şirkətləri
ötən qışı 2022-ci ildən bəri ən aşağı səviyyəyə enmiş ehtiyatlarla
başa vursalar da, Hörmüz boğazı yenidən açıldıqdan sonra anbarları
doldurmağı planlaşdırdıqları üçün alışları təxirə salmışdılar.
Agentlik xatırladır ki, fevralın sonunda İran ətrafında
müharibənin başlamasından sonra qazın qiyməti kəskin artmışdı.
Həmin vaxt treyderlər diplomatik həllə ümid edir və dünya LNG
tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı vasitəsilə
daşımaların bərpa olunacağını gözləyirdilər.
Lakin təxminən beş ay sonra bu gözləntilər riskli görünür. Yaxın
Şərqdə döyüşlər yenidən şiddətlənib, qaz qiymətləri münaqişənin
əvvəlindən bəri ən yüksək səviyyələrə yaxınlaşıb.

