İordaniya qırıcları 6 İran PUA-sını zərərsizləşdirib

Baş səhifə

Bakı.Trend:

İordaniya Kral Hərbi Hava Qüvvələrinin qırıcıları günün
əvvəlindən etibarən İran tərəfindən buraxılan və ölkənin hava
məkanına daxil olan altı pilotsuz uçuş aparatını (PUA)
zərərsizləşdirib.

Bu barədə ölkənin silahlı qüvvvələrinin Baş Komandanlığın “X”
sosial şəbəkəsində yayımladığı bəyanatında bildirilir.

“PUA-ların məhv edilməsi üzrə həyata keçirilən əməliyyat zamanı
heç bir ziyan dəyməyib, xəsarət alan olmayıb”, – bəyanatda qeyd
olunur.




Məlumata görə, günün birinci yarısında krallığın hava məkanında
İrana məxsus daha yeddi ballistik raket də vurulub.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.