
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatı
vasitələri ilə 6,516 milyard ABŞ dolları dəyərində 3,049 milyon ton
yük daşınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 73,4 milyon ABŞ dolları və ya 1,1 %
çox, həcm ifadəsində isə 13,059 min ton və ya 0,4 % azdır.
Hesabat dövründə Azərbaycandan avtomobil yolu nəqliyyatı
vasitələri ilə 1,471 milyard ABŞ dolları dəyərində təqribən 1,367
milyon ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki
göstərici ilə müqayisədə dəyər ifadəsində 253,6 milyon ABŞ dolları
və ya 20,8 %, həcm ifadəsində isə 66,6 min ton və ya 5,1 %
çoxdur.
Bu ilin yanvar-iyun aylarında Azərbaycana avtomobil nəqliyyatı
vasitələri ilə 5,044 milyard ABŞ dolları dəyərində 1,682 milyon ton
yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 180,2 milyon ABŞ dolları və ya 3,4 %,
həcm ifadəsində isə 80 min ton və ya 4,5 % azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda
nəqliyyat vasitələri ilə ümumilikdə 24,661 milyard ABŞ dolları
dəyərində 26,450 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni
dövrü ilə müqayisədə dəyər baxımından 261 milyon ABŞ dolları və ya
1,1 % çox, həcm baxımından isə 2,8 milyon ton və ya 9,6 %
azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 16,320 milyard ABŞ dolları dəyərində 22,033 milyon ton
yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,4
milyard ABŞ dolları və ya 26,7 % artım, həcm ifadəsində isə 1,9
milyon ton və ya 7,8 % azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-iyun aylarında yüklərin daşınma
vasitələri üzrə Azərbaycana ümumilikdə 8,341 milyard ABŞ dolları
dəyərində 4,416 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin
eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 3,2 milyard
ABŞ dolları və ya 27,6 %, həcm baxımıdan isə 941 min ton və ya 17,6
% azdır.
Ümumilikdə, Azərbaycan son illərdə Avrasiya məkanında əsas
tranzit-logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində
iri infrastruktur layihələrini davam etdirir. Ölkə Şərq-Qərb,
Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşımaların artırılması
məqsədilə dəmir yolu, avtomobil yolları, dəniz limanları və
logistika infrastrukturuna milyardlarla dollar həcmində
investisiyalar yatırıb. Bu siyasətin əsas hədəfi Azərbaycanın
Avropa ilə Asiya arasında etibarlı tranzit qovşağı kimi mövqeyini
daha da gücləndirməkdir.
Xüsusilə Orta Dəhlizin inkişafı dövlətin prioritet
istiqamətlərindən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,
Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni
logistika mərkəzləri bu marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli
dərəcədə artırır. Hazırda Bakı Limanının yükötürmə qabiliyyətinin
15 milyon tondan 25 milyon tona, konteyner emalı imkanlarının isə
500 min TEU-dan 1 milyon TEU-ya çatdırılması istiqamətində
genişləndirmə işləri aparılır.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi
Umberto de Pretto Trend-ə eksklüziv müsahibəsində bildirib ki,
Azərbaycan son illərdə nəqliyyat və logistika infrastrukturuna
yatırdığı investisiyalar hesabına Orta Dəhlizin əsas
iştirakçılarından birinə çevrilib.
“Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı
investisiyalar bu gün öz nəticəsini verir. Ölkə Avropa ilə Asiya
arasında etibarlı tranzit qapısı kimi mövqeyini daha da
möhkəmləndirir və Orta Dəhlizin inkişafında aparıcı rol oynayır”, –
deyə o vurğulayıb.
TRACECA Hökumətlərarası Komissiyasının baş katibi Asset
Assavbayev isə Trend-ə müsahibəsində qeyd edib ki, Azərbaycanın
həyata keçirdiyi nəqliyyat layihələri regionun logistika xəritəsini
dəyişir.
“Azərbaycanın inkişaf etdirdiyi müasir nəqliyyat infrastrukturu
və liman imkanları TRACECA marşrutunun rəqabət qabiliyyətini
əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzrə yük axınının artması
bu investisiyaların səmərəsini nümayiş etdirir”, – o bildirib.
Hesab edilir ki, Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa marşrutu
üzrə daşımaların artması fonunda Azərbaycanın tranzit potensialı
yaxın illərdə daha da yüksələcək. Bu isə ölkənin qeyri-neft
gəlirlərinin artırılması, logistika xidmətlərinin genişləndirilməsi
və Azərbaycanın beynəlxalq ticarət marşrutlarında strateji rolunun
möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusən də vurğulanır ki, Zəngəzur dəhlizinin açılması
Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Belə ki,
bu marşrut Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizlərini birləşdirərək Orta Dəhlizin səmərəliliyini artıra,
yükdaşımaların marşrutunu qısalda və Azərbaycanın regional
logistika habı kimi mövqeyini daha da gücləndirə bilər. Bir sözlə,
dəhlizin istifadəyə verilməsi həm Türk dünyası arasında nəqliyyat
əlaqələrinin möhkəmlənməsinə, həm də Avropa ilə Asiya arasında yük
axınlarının artmasına mühüm töhfə verəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Orta
Dəhliz üzrə yükdaşımaların həcminin yaxın illərdə daha da artacağı
gözlənilir. Bu məqsədlə dəhliz boyunca buraxılış qabiliyyətinin
artırılması, rəqəmsallaşdırma və sərhəd prosedurlarının
sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.
Trend-ə eksklüziv müsahibəsində Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, limanın hazırkı
illik yükaşırma gücü 15 milyon ton və 150 min TEU konteyner təşkil
edir, ikinci inkişaf mərhələsinin tamamlanmasından sonra isə bu
göstəricilər müvafiq olaraq 25 milyon ton və 500 min TEU-ya
çatdırılacaq.
“Biz Bakı Limanını yalnız yük qəbulu məntəqəsi deyil, Avropa ilə
Asiya arasında inteqrasiya olunmuş logistika və sənaye mərkəzi kimi
inkişaf etdiririk. Məqsədimiz Orta Dəhlizin rəqabət qabiliyyətini
artırmaq və Azərbaycanın tranzit imkanlarını daha da
genişləndirməkdir”, – deyə T.Ziyadov Trend-ə bildirib.
O qeyd edib ki, Bakı Limanında rəqəmsal həllərin tətbiqi, yük
emalının sürətləndirilməsi və multimodal daşımaların inkişafı
tranzit müddətlərinin azalmasına və daşıma səmərəliliyinin
yüksəlməsinə imkan yaradır.
Trend-ə müsahibəsində Ələt Azad İqtisadi Zonasının (AFEZ) İdarə
Heyətinin sədri Valeh Ələsgərov isə vurğulayıb ki, zona Orta
Dəhlizin əsas istehsal və logistika platformalarından biri kimi
formalaşdırılır.
“Ələt Azad İqtisadi Zonası investorlar üçün regionun ən
rəqabətli biznes mühitlərindən birini təqdim edir. Məqsədimiz
Azərbaycanı istehsal, logistika və ixracyönümlü sənaye üzrə
regional mərkəzə çevirməkdir. Burada fəaliyyət göstərəcək
müəssisələr həm Orta Dəhliz, həm də digər beynəlxalq nəqliyyat
marşrutları vasitəsilə yüz milyonlarla istehlakçının yerləşdiyi
bazarlara çıxış əldə edəcəklər”, – deyə V.Ələsgərov Trend-ə
bildirib.
Onun sözlərinə görə, Azad Zonada həyata keçirilən layihələr
yalnız tranzit daşımalarını deyil, eyni zamanda yüksək əlavə dəyər
yaradan istehsalın inkişafını dəstəkləyəcək və Azərbaycanın
beynəlxalq təchizat zəncirlərində rolunu daha da gücləndirəcək.
Beləliklə, nəqliyyat dəhlizləri üzrə yükdaşımalarının həcmi ilə
bağlı açıqlanan statistika Azərbaycanın logistika və tranzit
mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata
keçirilən uzunmüddətli strategiyanın nəticələri fonunda xüsusi
əhəmiyyət kəsb edir. Bakı Limanının genişləndirilməsi, Ələt Azad
İqtisadi Zonasının inkişafı və Orta Dəhliz üzrə beynəlxalq
əməkdaşlığın dərinləşdirilməsi yaxın illərdə ölkənin tranzit
gəlirlərinin və regional logistikadakı payının daha da artmasına
şərait yaradacaq.

