
Bakı. Trend:
Mərkəzi Bank valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq
etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması
istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində 23 iyul
2026-cı il tarixindən etibarən ilk dəfə olaraq qiymətli kağızların
icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə
başlayıb.
Bu barədə tənzimləyici qurum məlumat yayıb.
Bildirilib ki, qiymətli kağızların icarəyə verilməsi proqramı
Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı
olan Bank of Nyu York Mellon (BNYM) tərəfindən həyata
keçiriləcək.
“Proqram çərçivəsində BNYM tərəfindən Mərkəzi Bankın portfelində
olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının
beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə
verilməsi nəzərdə tutulur. Qeyd olunan proqram Mərkəzi Bankın
valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri
qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcək.
Mərkəzi Bank beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta
ehtiyatlarının idarə edilməsi çərçivəsinin təkmilləşdirilməsi və
ehtiyatların səmərəli idarə olunması istiqamətində tədbirləri
bundan sonra da davam etdirəcək”, – məlumatda qeyd edilib.

