Azərbaycandan Bolqarıstana təbii qaz ixracının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 186,087
milyon ABŞ dolları dəyərində 4,018 milyard kubmetr təbii qaz (qaz
halında) ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilir.

Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan
sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində
71,2 milyon ABŞ dolları və ya 27,7 %, həcm ifadəsində isə 105,6
milyon kubmetr və ya 15,3 % azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8
ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8 %
az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1 %
çoxdur.




Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları
dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal
edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya
və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon
kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz
idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6
milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon
kubmetr və yaxud 5,2 % azalıb.

Xatırladaq ki, daha əvvəl SOCAR-ın Balkanlar üzrə regional
ofisinin rəhbəri Murad Heydərov Trend-ə eksklüziv müsahibəsində
bildirmişdi ki, Bolqarıstan şirkətin regiondakı fəaliyyətinin əsas
istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, 2025-ci
ildə SOCAR qaz təchizatı və sərhədlərarası nəqliyyat sahəsində
fəaliyyətini, eləcə də qaz infrastrukturunun inkişafı üzrə
layihələrin icrasını davam etdirib.

“Azərbaycan Qaz Təchizatı Şirkəti (Azerbaijan Gas Supply
Company, AGSC) və SOCAR tərəfindən 2025-ci ildə Bolqarıstana qaz
tədarükünün ümumi həcmi 2 milyard kubmetrə yaxın olub ki, bu da
əvvəlki ilin göstəricisi ilə müqayisə oluna bilər. Gələcək tədarük
dinamikası Bolqarıstan bazarındakı tələbdən və şirkətin regional
qaz portfelinin inkişafından asılı olacaq.

Hibrid qazlaşdırma layihəsi çərçivəsində, yəni Bulgartransgaz
şəbəkəsinə qoşulmayan ərazilərə sıxılmış təbii qazın çatdırılması
üzrə 2025-ci ildə 46 sənaye və 5 sosial istehlakçıya qaz verilib.
Layihə üzrə ümumi tədarük həcmi təxminən 80 milyon kubmetr qaz
təşkil edib”, – deyə o qeyd edib.