Avropa İttifaqı İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Baş səhifə

Bakı.Trend:

Avropa İttifaqı Şurası İrana qarşı sanksiyalar siyahısına daha
altı nəfəri daxil edib.

Bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda
bildirilib.

Məlumata əsasən, sanksiya siyahısına siyasi fəallar,
dissidentlər və dini azlıqların nümayəndələri barədə hökm
çıxarmaqda ittiham olunan İranın İnqilab Məhkəmələrinin beş hakimi
daxil edilib. Aİ qeyd edib ki, bu işlərin bir qismi 2022-ci ildə “Qadın, həyat, azadlıq” şüarı ilə keçirilən etiraz aksiyalarına
hakimiyyətin reaksiyası ilə bağlı olub.

“Bundan əlavə, Şura İranlı haker və kompüter mühəndisi, “Ashiyane” kiberqrupunun təsisçisi və əsas simalarından biri olan
Nima Salehiyə qarşı da sanksiyalar tətbiq edib. “Ashiyane Digital
Security” şirkəti artıq Aİ-nin sanksiyaları altında olan İranın
Kiber Polisi (FATA) və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
ilə sıx əməkdaşlıq edir. Şirkət həmçinin ölkə daxilindəki
müxaliflərə və islahat tərəfdarlarına, eləcə də xarici təşkilatlara
qarşı genişmiqyaslı kibertəhlükəsizlik hücumlarına görə məsuliyyət
daşıyır və bununla da rejimin müxalifətə qarşı fəaliyyətini
dəstəkləyir”, – deyə bəyanatda deyilir.




Son dəyişikliklərdən sonra Aİ-nin İranda insan hüquqlarının
pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyalar rejimi ümumilikdə
269 fiziki şəxsə və 53 təşkilata şamil olunur. Siyahıya daxil
edilən şəxslərin Aİ ərazisindəki aktivləri dondurulur, onlara pul
və iqtisadi resursların təqdim edilməsi qadağan edilir, həmçinin
Avropa İttifaqı ölkələrinə giriş və tranzit keçidlərinə məhdudiyyət
qoyulur.

“Sanksiyalar aktivlərin dondurulmasını, Aİ ölkələrinə səfər
qadağasını, eləcə də siyahıya salınmış şəxslərə pul və iqtisadi
resursların təqdim edilməsinin qadağan olunmasını nəzərdə tutur.
Bundan əlavə, daxili repressiyalar üçün istifadə oluna biləcək, o
cümlədən telekommunikasiya vasitələrinin monitorinqi
avadanlıqlarının İrana ixracına qoyulan qadağa qüvvədə qalır”, – Aİ
Şurası bildirib.

Müvafiq hüquqi aktlar Avropa İttifaqının Rəsmi Jurnalında dərc
olunub. İranda insan hüquqlarının pozulması ilə əlaqədar Aİ-nin
sanksiyalar rejimi 2011-ci ildə tətbiq edilib və hazırda onun
qüvvədə olma müddəti 2027-ci ilin aprel ayınadək uzadılıb.