
13-17 iyul tarixlərində Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə
Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak
etmək məqsədilə Nyu-York şəhərində səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən
məlumata görə, nazirlər seqmentində çıxışı zamanı F.Rzayev
Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə
sadiqliyini təsdiqləyərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası
istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib. O, Böyük
Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
ağıllı və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi
köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək,
humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət
daşıdığını vurğulayıb.
Nazir müavini, həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya
Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və
texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi
töhfələri qeyd edib.
BMT Baş Assambleyasının “Gələcək üçün Pakt üzrə mövcud
vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçirilmiş qeyri-rəsmi
nazirlər iclasında çıxış edən F.Rzayev Gələcək üçün Paktın praktiki
icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin
vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə,
texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli
əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
O, həmçinin Azərbaycanın enerji və bağlantılar sahələrində
etibarlı tərəfdaş kimi rolu barədə məlumat verib.
Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və
Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış
edən F.Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı
inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu
vurğulayıb. Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri
qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini
bildirərək, SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və
innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək
göstərə biləcəyini qeyd edib.
Daha sonra “Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış
hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən
istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi” adlı
tədbirdə çıxış edən F.Rzayev humanitar minatəmizləmənin ölkəmizdə
18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və
münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların
yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi
köçkünlərin qayıdışına maneələrindən bəhs edib.
Nyu-York şəhərinə səfəri zamanı F.Rzayev, həmçinin bir sıra
ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi
nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat
mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak
edib.

