
Bakı. Trend:
Azərbaycan Fələstin xalqına dəstəyini yalnız siyasi bəyanatlarla
deyil, konkret addımlarla nümayiş etdirir.
Bu fikirləri Trend-ə açıqlamasında bunu Milli Məclisin deputatı
Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanın xarici siyasəti
ilə bağlı müxtəlif iddialar səsləndirən dairələr ölkəmizin Fələstin
məsələsinə münasibətini qərəzli şəkildə təqdim etməyə çalışsalar
da, faktlar tamamilə fərqli mənzərə ortaya qoyur.
Deputat bildirib ki, Azərbaycan Fələstin xalqına dəstəyini
ardıcıl diplomatik fəaliyyət, beynəlxalq platformalarda nümayiş
etdirdiyi mövqe və İslam dünyası ilə əməkdaşlığın inkişafı
vasitəsilə praktik müstəviyə daşıyır. O qeyd edib ki, bu yanaşma
Azərbaycanın sözlə əməl arasında fərq qoymayan məsuliyyətli dövlət
siyasəti həyata keçirdiyini göstərir.
V.İskəndərov vurğulayıb ki, Bakıda keçirilən İslam İnkişaf Bankı
Qrupunun 2026-cı il üzrə İllik Toplantıları da bu siyasətin növbəti
təsdiqi olub. Onun sözlərinə görə, tədbirin açılış mərasimində
Prezident İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlər
Azərbaycanın İslam dünyası ilə əlaqələrə strateji əhəmiyyət
verdiyini bir daha nümayiş etdirib. Deputat hesab edir ki, bu cür
mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkəmizin artan
nüfuzunu göstərməklə yanaşı, müsəlman dövlətləri arasında
əməkdaşlığın möhkəmləndirilməsinə real töhfə verir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın region ölkələri ilə
intensiv siyasi dialoqu da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.
O xatırladıb ki, bu il Prezident İlham Əliyev İordaniya Haşimilər
Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir
məsələləri nazirini qəbul edib. V.İskəndərovun fikrincə, belə
yüksək səviyyəli təmaslar Fələstin məsələsi də daxil olmaqla
regional gündəlikdə duran məsələlər üzrə qarşılıqlı anlaşmanın və
əməkdaşlığın gücləndirilməsi baxımından mühüm siyasi mesajdır.
O əlavə edib ki, Azərbaycanın İslam həmrəyliyinə sadiqliyi
beynəlxalq parlament diplomatiyasında da özünü aydın şəkildə
göstərir. Deputatın sözlərinə görə, İƏT Parlament İttifaqının 20-ci
Sessiyasının iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı
müraciət ölkəmizin müsəlman dövlətlərinin birliyi və həmrəyliyi
naminə apardığı ardıcıl siyasətin növbəti ifadəsi olub. O
vurğulayıb ki, Azərbaycan uzun illərdir bu prinsipi yalnız bəyan
etmir, həm də konkret təşəbbüslər və beynəlxalq əməkdaşlıq
formatları vasitəsilə həyata keçirir.
V.İskəndərov bildirib ki, Fələstinlə münasibətlər yalnız siyasi
müstəvi ilə məhdudlaşmır. Onun sözlərinə görə, ikitərəfli iqtisadi
əməkdaşlığın genişləndirilməsi istiqamətində də real perspektivlər
mövcuddur. Deputat qeyd edib ki, Fələstinin bəzi kənd təsərrüfatı
məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı imkanlarının
nəzərdən keçirilməsi hər iki tərəf üçün qarşılıqlı fayda yarada
bilər. O bildirib ki, bu, iqtisadi əlaqələrin inkişafına xidmət
etməklə yanaşı, Fələstin iqtisadiyyatının dəstəklənməsinə də
praktik töhfə verə bilər.
Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın Fələstin
məsələsində ardıcıl, prinsipial və balanslı siyasət yürütdüyünü
göstərir. O vurğulayıb ki, ölkəmizin atdığı addımlar Azərbaycanın
İslam dünyasının həmrəyliyini gücləndirməyə, tərəfdaş dövlətlərlə
əlaqələri inkişaf etdirməyə və Fələstin xalqına dəstəyini konkret
fəaliyyətlə nümayiş etdirməyə davam etdiyini sübut edir.
V.İskəndərov hesab edir ki, bu reallıq fonunda Azərbaycanı bu
məsələdə tənqid etməyə çalışan dairələrin iddiaları faktlar
qarşısında əsassız görünür.

