
Bakı.Trend:
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada
Rusiyanın XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına
dair mətbuat konfransında deyib.
“Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda
yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb. Bu
təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır və
xüsusilə vurğulamaq istərdim ki, suverenlik, ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı
prinsiplərinə söykənir. Ermənistan və Azərbaycan arasında
normallaşma prosesi çərçivəsində baş vermiş son tarixi hadisələr, o
cümlədən sülh sazişi layihəsinin paraflanması regionumuzda
uzunmüddətli sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün
unikal imkan yaradır”, – deyə o bildirib.
C.Bayramov qeyd edib ki, müzakirələr zamanı o, Lavrovu azad
edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və tikinti işləri,
keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də
Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin cari
mərhələsi ilə bağlı məlumatlandırıb.
“Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan
arasında de-fakto sülh mövcuddur. Öz növbəsində, Azərbaycanın
həyata keçirdiyi müsbət və sülhyönümlü təşəbbüslər, o cümlədən
etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar
normallaşma prosesini əhəmiyyətli dərəcədə sürətləndirib və bu
prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesində qalan
məsələlərin həlli uzunmüddətli, sabit və firavan regionun
formalaşması, etimadın üstünlük təşkil etdiyi mühitin yaradılması
üçün zəruri şərtləri təmin edəcək”, – deyə nazir əlavə edib.

