Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

28 May – Müstəqillik Günü münasibətilə Meksika Deputatlar
Palatasının və Azərbaycan Republikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Meksikadakı
Səfirliyinin təşkilatçılığı ilə Meksikanın tarixi San Lazaro
Qanunvericilik Sarayında təntənəli konsert proqramı təşkil
olunub.

Trend xəbər
verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament
nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar,
akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin
təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diasporunun üzvləri
iştirak edib.

Konsertdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Meksikadakı
fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünü vurğulayıb,
Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi, parlamentli və
demokratik respublika olduğunu qeyd edib.

Çıxışda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə milli
dövlətçilik tarixində mühüm əsaslar formalaşdırdığı, qadınlara
seçki hüququnun verilməsi, parlament idarəetmə sisteminin
yaradılması və demokratik islahatların həyata keçirilməsinin
ölkənin dövlətçilik tarixində əlamətdar mərhələ olduğu
bildirilib.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın
inkişafındakı tarixi rolu xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycan ilə Ermənistan arasında postmünaqişə
dövründə sülh və əməkdaşlıq istiqamətində atılan addımlara
toxunulub, Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat və
enerji körpüsü kimi əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxışda Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin
əhəmiyyətindən söz açılıb, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil olunduğu,
Meksikanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil
olunmasından məmnunluq ifadə edilib, Meksikanın WUF14-ə ev
sahibliyini qəbul etməsinin Azərbaycan–Meksika əməkdaşlığının
inkişafına yeni töhfələr verəcəyi bildirilib.

Çıxışda Azərbaycan–Meksika münasibətlərinin son dövrlərda
dinamik inkişaf etdiyi, parlamentlərarası əməkdaşlığın, qarşılıqlı
səfərlərin və humanitar əlaqələrin genişləndiyi qeyd olunub.
Meksika Deputatlar Palatasında Meksika–Azərbaycan Dostluq Qrupunun
fəaliyyətinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd
olunub. Sonda Azərbaycan və Meksika xalqları arasında dostluq və
əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminlik ifadə
edilib.

Daha sonra tədbirdə əsas qonaq qismində çıxış edən Meksika
xarici işlər nazirinin müavini xanım Mariya Teresa Merkado Perez
ilk öncə tədbirə dəvətə görə Azərbaycan səfirinə təşəkkürünü
bildirib, Meksika Xarici İşlər Nazirliyi adından Azərbaycan xalqına
və hökumətinə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini
çatdırıb. Coğrafi uzaqlığa baxmayaraq bu gün bir birinə yaxın olan
iki xalqın dostluğunun qeyd edildiyini bildirib.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın qədim
dövrlərdən bəri sivilizasiyalar arasında mühüm körpü rolunu
oynadığını vurğulayan nazir müavini, ölkəmizin fərqli
mədəniyyətləri, dilləri və ticarət yollarını birləşdirməsinin
Meksika tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd
edib ki, hər iki ölkə mədəniyyətlərarası dialoqun, əməkdaşlığın və
beynəlxalq səviyyədə sülhün təşviqinə mühüm töhfə verir.

Nazir müavini həmçinin vurğulayıb ki, Meksika və Azərbaycanı
birləşdirən əsas dəyərlərdən biri suverenliyə, milli kimliyə və
xalqların ləyaqətinə olan dərin hörmətdir.

Meksika ilə Azərbaycan arasında münasibətlərin nisbətən gənc
olmasına baxmayaraq diplomatik səylər və siyasi iradə sayəsində
zamanla müxtəlif sahələrdə inkişaf etdiyini və daha da
zənginləşdiyini bildirib.

Hər iki ölkənin BMT kimi çoxtərəfli platformalarda beynəlxalq
hüquqa hörmət, mübahisələrin dinc yolla həlli və suveren dövlətlər
arasında əməkdaşlıq kimi əsas prinsipləri müdafiə edərək ortaq
mövqe nümayiş etdirdiyini di qqətə çatdırıb.




Siyasi sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi
məsləhətləşmələrin və parlamentlərarası dialoqun xüsusi əhəmiyyət
daşıdığını, bu əlaqələrin hər iki ölkənin qanunverici orqanları
arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini
bildirib.

Nazir müavini Meksikanın bir sıra bölgələrində baş vermiş
daşqınlar zamanı Azərbaycan hökumətinin göstərdiyi həmrəyliyə və
dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, bu,
dostluğun çətin anlarda göstərilən real dəstək və həmrəylik
vasitəsilə daha da möhkəmləndiyini bir daha təsdiqləyir.

Qlobal müstəvidə isə Azərbaycanın Bakıda COP29-a ev sahibliyi
etməsi yüksək qiymətləndirilib. Nazir müavini vurğulayıb ki, bu
mühüm platforma Azərbaycanın iqlim gündəliyinə və planetimizin
gələcəyi naminə ortaq həll yollarının təşviqinə sadiqliyini bir
daha nümayiş etdirir.

O həmçinin qeyd edib ki, bu gün Meksika Azərbaycanı dinamik
inkişaf edən, beynəlxalq arenada getdikcə daha fəal və konstruktiv
rol oynayan dost ölkə kimi görür. Ölkələrimizi birləşdirən əsas
dəyərlər isə əməkdaşlıq, qarşılıqlı hörmət və suveren dövlətlər
arasında dialoqa əsaslanan beynəlxalq münasibətlər anlayışıdır. Bu
prinsiplərin artıq otuz ildən çoxdur ki, ikitərəfli
münasibətlərimizin təməlini təşkil etdiyi bildirilib.

Ardınca çıxış edən Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri,
deputat xanım Dulse Mariya Viyyeqas Quarneros ilk növbədə qeyd edib
ki, sözügedən dostluq qrupunun rəhbəri qismində bu tədbirdə iştirak
etmək onun üçün böyük şərəfdir. O bildirib ki, bugünkü tədbir iki
ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayan mühüm
platformadır.

Həmçinin deputat vurğulayıb ki, Azərbaycan öz tarixi, mədəni və
bədii irsinə bağlılığını qoruyaraq beynəlxalq arenada getdikcə daha
fəal rol oynayan ölkəyə çevrilib. Məhz buna görə də bu bayram
yalnız milli deyil, eyni zamanda mühüm diplomatik əhəmiyyət
daşıyır.

Çıxışda Meksika Deputatlar Palatası adından ölkələrimiz arasında
əməkdaşlıq, qarşılıqlı anlaşma və yaxınlaşma əlaqələrinin daha da
möhkəmləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Rəsmi çıxışların ardınca qonaqlara əsasən Azərbaycan və Meksika
bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı təqdim
olunub. Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov,
solist Selcan Fermor-Hesketh və Meksikada yaşayan həmyerlimiz Nana
Babayevanın rəhbərlik etdiyi orkestr kollektivinin iştirakı ilə
ərsəyə gələn təntənəli konsert proqramı qonaqlar tərəfindən böyük
maraq və alqışlarla qarşılanıb.

Tədbir Meksika Deputatlar Palatasının rəsmi sosial media
kanallarında canlı yayımlanıb.

YT https://www.youtube.com/watch?v=i54JPDLpIcM

FB https://www.facebook.com/share/v/1DZXKKegZN/
X https://x.com/Mx_Diputados/status/2060135686888390896