
Bakı.Trend:
Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri belə nəticəyə
gəliblər ki, tibb gələcəkdə qocalma proseslərinin əksəriyyətini tam
dayandıra bilsə belə, insan ömrünün bioloji həddi mövcuddur.
Onların hesablamalarına görə, insanlar nəzəri olaraq orta hesabla
146-194 il yaşaya bilərlər.
Bu barədə məqalə “Daily Mail ” nəşrində dərc olunub.
Tədqiqat somatik mutasiyalara – həyat boyu hüceyrələrdə tədricən
toplanan DNT-də təsadüfi dəyişikliklərə həsr olunub. Normalda
orqanizm bu cür səhvləri aradan qaldırır, lakin zaman keçdikcə
onların bir hissəsi qalır. Mutasiyaların yığılması toxuma və
orqanların fəaliyyətini zəiflədir və nəticədə ölümə səbəb olan
amillərdən birinə çevrilir.
Tədqiqat müəllifləri qocalmanın yeganə səbəbi kimi məhz somatik
mutasiyaları əsas götürən riyazi model hazırlayıblar. Hesablamalar
göstərib ki, hüceyrələrin bərpa qabiliyyətinin azalması kimi yaşla
bağlı digər dəyişikliklər tam aradan qaldırılsa belə, DNT-də
toplanan zədələnmələr yenə də insan ömrünün maksimum müddətini
məhdudlaşdıracaq.
Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, söhbət gələcəyə
dair proqnozdan deyil, nəzəri həddən gedir. Onların sözlərinə görə,
əldə olunan nəticələr ömrün uzadılması üçün effektiv üsulların
hazırlanması baxımından qocalma mexanizmlərinin hansılarının daha
vacib olduğunu müəyyənləşdirməyə kömək edir.
Alimlər həmçinin qeyd ediblər ki, müxtəlif toxumalar fərqli
sürətlə qocalır. Məsələn, dəri və qaraciyər hüceyrələri daim
yenilənir, ürək və beyin hüceyrələri isə demək olar ki, əvəz
olunmur. Buna görə də həmin hüceyrələrdə mutasiyalar daha sürətlə
toplanır.

