
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin
nümayəndələri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF
13) çıxış ediblər.
AZCON Holding-in stendində təşkil olunan infosessiyalar
çərçivəsində şirkət əməkdaşları rəqəmsal identifikasiya və ağıllı
şəhər texnologiyalarına həsr olunmuş iki fərqli təqdimat nümayiş
etdiriblər.
Forumun ikinci günündə keçirilən “Şəhər mühitində rəqəmsal
identifikasiya: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı
qoşulması” mövzusunda infosessiyada müasir urbanizasiya şəraitində
rəqəmsal həllərin yaratdığı imkanlardan bəhs olunub. Təqdimat
zamanı vətəndaşların dövlət və özəl xidmətlərdən fiziki müraciət
etmədən, tamamilə onlayn və təhlükəsiz şəkildə istifadə
imkanlarının əhəmiyyəti vurğulanıb. Forumun beşinci günündə isə
“Ağıllı şəhərlər üçün rəqəmsal etimad: SİMA İmza ilə təhlükəsiz
şəhər xidmətlərinin təmin edilməsi” mövzusunda növbəti infosessiya
baş tutub. Sessiyada ağıllı şəhər konsepsiyasının yalnız texnoloji
infrastruktur və internetə bağlı cihazlarla məhdudlaşmadığı,
ekosistemdə rəqəmsal etimadın vacibliyi vurğulanıb.
Hər iki infosessiya zamanı “AzInTelecom” tərəfindən yaradılmış
SİMA Rəqəmsal Həllər Platformasının ağıllı şəhər ekosistemində və
rəqəmsal identifikasiya sahəsində oynadığı rol müzakirə olunub.
Təqdimatlarda SİMA vasitəsilə təhlükəsiz identifikasiya, məsafədən
xidmətlərə çıxış və rəqəmsal imza imkanlarının şəhər xidmətlərinin
daha əlçatan və etibarlı şəkildə təqdim edilməsinə verdiyi töhfələr
diqqətə çatdırılıb.

