Yeni şəhər gündəliyinin icrası üzrə daha sürətli addımlara ehtiyac var – Anaklaudiya Rossbax

Baş səhifə

Bakı. Trend:

Yeni şəhər gündəliyinin icrası üzrə daha sürətli addımlara
ehtiyac var.

Trend xəbər verir ki,
bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru
Anaklaudiya Rossbax WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr
olunmuş nazirlər toplantısında deyib.

O, çıxışında Azərbaycan hökumətinə və tədbirin təşkilatçılarına
təşəkkürünü bildirib, 2026-cı ilin Yeni Şəhər Gündəliyinin icrası
baxımından mühüm mərhələ olduğunu vurğulayıb.

“Bu il yalnız hesabat ili deyil, həm də yeni yanaşmaların
müəyyənləşdirilməsi ilidir. Hansı addımların nəticə verdiyini,
hansı istiqamətlərdə geridə qaldığımızı və bundan sonra nəyi fərqli
etməli olduğumuzu müəyyənləşdirməliyik”, – deyə o qeyd edib.

UN-Habitat rəhbəri bildirib ki, Yeni Şəhər Gündəliyi yaşayış
məntəqələri və şəhərlərin dayanıqlı inkişafı üçün əsas qlobal
çərçivə olaraq qalır. Onun sözlərinə görə, şəhərlər yalnız
problemlərin cəmləşdiyi məkanlar deyil, həm də genişmiqyaslı
həllərin tətbiq oluna biləcəyi əsas platformalardır.

Anaklaudiya Rossbax qeyd edib ki, son on ildə bir sıra mühüm
irəliləyişlər əldə olunub: “Hazırda təxminən 160 ölkə milli şəhər
siyasəti çərçivələrini qəbul edib və ya hazırlayır. Ölkələrin üçdə
ikisindən çoxu milli mənzil siyasətlərini təsdiqləyib, yüzlərlə
şəhər isə könüllü yerli hesabatlar təqdim edib”.

Onun sözlərinə görə, şəhər prioritetləri artıq iqlim
siyasətlərində də daha geniş yer almağa başlayıb: “Belə ki, şəhər
komponentlərini əhatə edən milli iqlim öhdəliklərinin payı 2021-ci
ildəki 49 faizdən 2025-ci ildə 80 faizə yüksəlib.

Bununla yanaşı, Yeni Şəhər Gündəliyinin icrası hələ də
qeyri-bərabər və bir çox hallarda kifayət qədər sürətli deyil”.




“Öhdəliklər çox vaxt davamlı investisiyalara, yerli səviyyədə
real nəticələrə və insanların həyatında ölçülə bilən dəyişikliklərə
çevrilmir”, – deyə o vurğulayıb.

Rossbax mənzil probleminin qlobal miqyasda ən ciddi
çağırışlardan biri olaraq qaldığını bildirib. Onun sözlərinə görə,
hazırda dünyada 1 milyarddan çox insan gecəqondu və ya qeyri-formal
yaşayış məntəqələrində yaşayır: “Mənzil əlçatanlığı problemi isə
həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə
dərinləşir. Qeyri-adekvat mənzil şəraitində yaşayan insanlar eyni
zamanda daşqınlar, istilik dalğaları, torpaq sürüşmələri və digər
iqlim risklərinə daha çox məruz qalırlar. Son iki onillikdə
şəhərlərin 80 faizindən çoxunda temperaturun əhəmiyyətli dərəcədə
artdığı qeyd olunub”.

UN-Habitat rəhbəri vurğulayıb ki, mənzil məsələsinə yalnız
tikinti sektoru kimi yanaşmaq olmaz.

“Bu məsələ torpaq siyasəti, infrastruktur, maliyyə, idarəetmə,
iqlim fəaliyyəti və insan hüquqları ilə birbaşa bağlıdır”, – deyə o
bildirib.

Anaklaudiya Rossbax qarşıdakı onilliyin genişmiqyaslı icra dövrü
olmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, xüsusilə
qeyri-formal yaşayış məntəqələrində yaşayan və evsiz qalma riski
ilə üzləşən insanlar üçün inklüziv mənzil siyasətlərinin
gücləndirilməsini tələb edir.

O, həmçinin mənzil siyasətinin torpaq, nəqliyyat, məşğulluq,
ictimai məkanlar və əsas xidmətlərlə əlaqələndirilməsinin
vacibliyini vurğulayıb.

Çıxışının sonunda Rossbax bildirib ki, UN-Habitat üzv
dövlətləri, yerli və regional hakimiyyət orqanlarını, eləcə də
tərəfdaşları bu istiqamətdə dəstəkləməyə hazırdır.