Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Xankəndi şəhərində keçirilən Milli Biznesin İnkişafı
Forumunda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov çıxış edərək, Xankəndi şəhərinin Baş planı ilə bağlı mühüm
məlumatlar verib.




O, bildirib ki, Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda
hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim
ediləcək:

“Hazırda şəhərin inkişaf konsepsiyası qərb şirkətləri tərəfindən
hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi
inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial
infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi
müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi
ayrılıb və burada təhsil alan tələbələr üçün müasir, rahat şəraitin
yaradılması planlaşdırılır. Eyni zamanda burada tələbə və müəllim
heyətinin ümumi şəhər əhalisinin təxminən 12–15 faizini təşkil
edəcəyi qeyd olunur. Layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə
təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi
formalaşdırılması nəzərdə tutulur. Bir sözlə, Xankəndi müasir
şəhərə çevriləcək və burada həyata keçirilən bütün layihələr
şəhərin qısa zamanda dayanıqlı inkişafına uyğun şəkildə icra
olunur”, – o qeyd edib.