
Bakı. Trend:
ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda və ABŞ Silahlı
Qüvvələrində mövcud hüquqi münasibətlərin hərtərəfli təhlilini
aparacaq, daha sonra isə genişmiqyaslı hüquqi islahat həyata
keçirəcək xüsusi komissiyanın yaradıldığını elan edib.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin müharibə naziri öz rəsmi “X”səhifəsində
yazıb.
“Hərbi qulluqçularımıza təsir edən hərbi-hüquqi sistemimizin
bütün aspektlərinin genişmiqyaslı, uzunmüddətli və bütün qurumu
əhatə edən təhlilinin aparılması üçün xüsusi komissiya yaradıram.
Bu komissiya etimadı möhkəmləndirəcək, Silahlı Qüvvələrimizi
gücləndirəcək və real islahatlar həyata keçirəcək”,- deyə Heqset
yazıb.
O əlavə edib ki, islahatların nəticəsində hərbi qulluqçuların
ehtiyaclarına daha uyğun və daha əlçatan daxili hüquqi sistem
formalaşdırılmalıdır.

