
Bakı. Trend:
Səhiyyə naziri Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu”
pediatrik xəstəxanasının Prezidenti Titsiano Onesti rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Vatikanla səhiyyə və pediatriya
sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin uşaq
sağlamlığının qorunmasına dair birgə təşəbbüslər müzakirə
olunub.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bildirib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən uğurlu xarici siyasət nəticəsində
Azərbaycan ilə Vatikan arasında münasibətlər yüksək səviyyədə
inkişaf edir. Dövlət başçısı tərəfindən humanitar və
mədəniyyətlərarası dialoqa verilən xüsusi önəm iki ölkə arasında
əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən
Vatikanla əlaqələrin inkişafı istiqamətində həyata keçirilən
layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Teymur Musayev
qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bir sıra
tarixi və dini abidələrin bərpası həyata keçirilib, humanitar
əməkdaşlıq uğurla inkişaf etdirilib”.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan səhiyyə sistemi son
illərdə genişmiqyaslı islahatlar və dövlət proqramları nəticəsində
əhəmiyyətli inkişaf yolu keçir: “Ölkədə müasir tibb infrastrukturu
yaradılıb, yeni xəstəxana və ixtisaslaşmış tibbi mərkəzlər
istifadəyə verilib, rəqəmsal səhiyyə həllərinin tətbiqi
genişləndirilib. Xüsusilə pediatriya, talassemiya, ana və uşaq
sağlamlığı sahələrində mühüm nailiyyətlər əldə olunub”.
Teymur Musayev qeyd edib ki, Heydar Əliyev Fondu, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və “Bambino Gesu” pediatrik
xəstəxanası arasında imzalanmış Anlaşma Memorandumu tərəflər
arasında əməkdaşlığı daha da gücləndirir: “Memorandum çərçivəsində
pediatriya sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat
layihələrinin həyata keçirilməsi, tibbi heyətin peşəkar hazırlığı
və Azərbaycanda uşaq sağlamlığı xidmətlərinin inkişafı nəzərdə
tutulur. “Bambino Gesu” pediatrik xəstəxanası kimi dünya səviyyəli
nüfuzlu tibb müəssisəsi ilə əməkdaşlıq Azərbaycanda pediatriya
xidmətlərinin inkişafına mühüm töhfə verəcək”.
Öz növbəsində Titsiano Onesti Azərbaycanda səhiyyə sahəsində
əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, xüsusilə
talassemiya və digər irsi xəstəliklərin idarə olunması sahəsində
Azərbaycanın təcrübəsinin diqqətçəkən olduğunu vurğulayıb və
imzalanan Memorandumun gələcəkdə uğurlu birgə layihələrin həyata
keçirilməsinə imkan yaradacağını qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyətinin nazirliyin K. Fərəcova
adına Pediatriya Elmi-Tədqiqat İnstitutu, Milli Hematologiya və
Transfuziologiya Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya
İnstitutu, və Azərbaycan Tibb Universitetində görüşlərin keçirməsi
nəzərdə tutulur.


