
Bakı. Trend:
Fəaliyyəti zamanın çərçivəsini aşan və gələcək nəsillər üçün
strateji əhəmiyyətə malik olan şəxsiyyətlərin yeri və rolu tarixdə
xüsusi əhəmiyyət kəsb edir. Yaradıcı və qurucu şəxsiyyətlər təkcə
siyasi lider kimi çıxış etmirlər, dövlətin institusional əsaslarını
yaradan, eyni zamanda, iqtisadi prosesləri istiqamətləndirən və
xalqın milli-mədəni inkişaf vektorunu müəyyənləşdirən ictimai
inkişafın memarı olurlar. Müasir dövrün əsas prioriteti kimi qəbul
edilən qlobal urbanizasiya şəraitində məkan və infrastruktur
modellərini müəyyənləşdirən belə liderlərin əhəmiyyəti daha da
artır.
Trend xəbər verir
ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer
alıb.
Qeyd olunub ki, XX əsrin ikinci yarısı – XXl əsrin əvvəlində
Azərbaycanın idarəçilik sükanını əlinə alan və onu inamla,
uzaqgörənliklə gələcəyə doğru aparan belə bir şəxsiyyət xalqımızın
Ümummilli Lideri Heydər Əliyev olmuşdur: “Heydər Əliyev Azərbaycan
tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə
əvəzolunmaz töhfələr vermiş və müasir idarəçiliyin əsaslarını
yaratmış görkəmli dövlət xadimidir. Onun fəaliyyəti uzaqgörən
liderlik, güclü idarəçilik və milli maraqlara əsaslanan strateji
düşüncə ilə səciyyələnmişdir. Ulu Öndər bütün siyasi fəaliyyəti
boyunca Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlət
müstəqilliyinin möhkəmləndirilməsini və milli ideologiyanın
formalaşmasını əsas prioritet kimi müəyyən etmiş, bununla da
ölkənin gələcək inkişaf modelinin konseptual əsaslarını
yaratmışdır”.
S.Nuriyev bildirib ki, Ulu Öndərin fəaliyyəti mərkəzində
müstəqil, güclü, dayanıqlı və müasir dövlətin formalaşması amalı
dayanan ardıcıl və məqsədyönlü quruculuğun bariz nümunəsidir: “Onun
müəyyən etdiyi dayanıqlı inkişaf xətti konkret zaman çərçivəsi ilə
kifayətlənməmişdir. Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü
və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və
istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını
qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi
qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan
çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur”.


