
Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal 38 manatdan 26 manata düşüb.
“APA-Economics” xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin səmərəlilik təhlili dövlət subsidiyalarının artmasına baxmayaraq sahədə nəticələrin gözlənilən səviyyədə olmadığını göstərib.
Təhlilə görə, 2007-2019-cu illərdə kənd təsərrüfatı istehsalçılarına 2 mlrd. 58,7 mln. manat birbaşa subsidiya verilib. Yeni subsidiya mexanizminin tətbiq olunduğu 2020-2025-ci illərdə isə bu məbləğ illik 398,3-470 mln. manat aralığında dəyişib.
Bununla belə, hər manat birbaşa subsidiyaya düşən kənd təsərrüfatı istehsalı azalıb. Belə ki, bu göstərici 2007-2019-cu illərdə orta hesabla 38 manat olduğu halda, 2020-2025-ci illərdə 26 manata enib.
Sənəddə qeyd olunub ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 14 mlrd. 189,5 mln. manat təşkil edib. Bu dövrdə sahə üzrə ümumi artım cəmi 0,9%, bitkiçilikdə 1,5%, heyvandarlıqda isə 0,3% olub.
Təhlil göstərib ki, subsidiyalar daha çox əkin sahələrinin genişlənməsini stimullaşdırıb, məhsuldarlığa təsiri isə məhdud qalıb. Məsələn, 2007-2025-ci illərdə taxıl əkin sahəsi 32,2%, istehsal 62,2% artsa da, məhsuldarlıq cəmi 6,3 sentner yüksəlib.
Sənəddə vurğulanıb ki, dövlət dəstəyinə baxmayaraq, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi 56% olaraq qalır. 2024-cü ildə düyü, bitki yağları, buğda, kərə yağı, makaron, ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 85%-dən aşağı olub.
Təhlildə dövlət dəstəyinin səmərəliliyinin artırılması üçün subsidiya mexanizminin nəticəyönümlü formada təkmilləşdirilməsi, iri təsərrüfatlarda əkin subsidiyasından məhsul subsidiyasına keçidin dəstəklənməsi, nəzarət və monitorinq sistemlərinin gücləndirilməsi təklif olunub.

