
Bakı. Trend:
“PAŞA Bank”ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində
səhmlərinin abunə yazılışına başlanılması ilə Azərbaycanda bazar
kapitalizasiyasının ÜDM-ə nisbəti IPO ilə 4%-ə yaxınlaşacaq.
Trend xəbər
verir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri
Ruslan Xəlilov “PAŞA Bank”ın səhmlərinin satışının başlanmasına
həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda listinqdə olan şirkətlərin
bazar kapitalizasiyasının ümumi daxili məhsula (ÜDM) nisbəti bir
çox bençmark ölkələrlə müqayisədə aşağı səviyyədədir və 10%-dən az,
təxminən 3%-ə yaxındır.
Ruslan Xəlilov qeyd edib ki, “PAŞA Bank”ın İlkin Kütləvi Təklif
(IPO) çərçivəsində səhmlərinin abunə yazılışına başlanılması ilə bu
göstəricinin təxminən 4%-ə yaxınlaşacağı gözlənilir. Onun fikrincə,
bu artım mühüm və təqdirəlayiq göstəricidir.
BFB sədri əlavə edib ki, qurum yalnız “PAŞA Bank” və maliyyə
sektorunun digər iştirakçıları ilə deyil, həm də potensial
emitentlərlə aktiv şəkildə işləyir və onlara IPO prosesinin
üstünlükləri barədə məlumat verir.

