2026-cı ilin I rübündə Azərbaycanın enerji sektorunun əsas hadisələrinin İCMALI

Baş səhifə

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın enerji
sektorunda 2026-cı ilin I rübündə baş vermiş əsas hadisələrin
icmalını təqdim edir.

Qaz sektoru

4 yanvar tarixində Azərbaycan və Türkiyə arasında 33 milyard
kubmetr təbii qazın tədarükünə dair yeni saziş imzalanıb.

Azərbaycan 2026-cı il üzrə neft və qaz yataqlarından əldə
olunacaq gəlirlərə dair proqnozlarını təqdim edib. 2026-cı ildə
karbohidrogenlərin satışından xalis daxilolmaların 5,03 milyard ABŞ
dolları (8,551 milyard manat) təşkil edəcəyi gözlənilir. 2026-cı il
üzrə proqnoz göstəricisi 2024-cü ilin faktiki daxilolmalarından
2,910 milyard manat və ya 25,4% az, 2025-ci ilin proqnoz
göstəricisindən isə 1,246 milyard manat və ya 12,7% aşağıdır.

Hesablama Palatası Azərbaycanın 2026-cı ildə neft və qaz
tranzitindən əldə edəcəyi gəlirlərə dair proqnozu açıqlayıb. Belə
ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) 2026-cı il
büdcəsində ölkə ərazisindən neft və qazın tranzitindən əldə olunan
gəlirlərin 2,2 min ABŞ dolları və ya 3,7 min manat səviyyəsində
olacağı proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2024-cü ilin
faktiki icrasından 0,5 milyon manat az, 2025-ci il üzrə təsdiq
olunmuş proqnozdan 25,4 milyon manat aşağıdır və 2025-ci il üzrə
gözlənilən daxilolmalarla təxminən eyni səviyyədədir.

20 yanvar tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövşən Nəcəf və Abu-Dabi Milli Neft Şirkətinin “ADNOC
Group”un “Upstream” bölməsinin baş icraçı direktoru Musabbeh Al
Kaabi “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini
müzakirə ediblər.

19 fevral tarixində Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG)
neft yatağının və “Şahdəniz” qaz-kondensat yatağının operatoru olan
bp şirkəti SOCAR AQS və ABŞ-nin “Helmerich & Payne” (H&P)
şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering
Company” LLC ilə platforma qazma qurğularının istismarı və texniki
xidmətinə dair müqavilənin uzadıldığını elan edib.

3 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi və “yaşıl enerji” üzrə
Məşvərət Şuralarının iclasları keçirilib.

İclas çərçivəsində Azərbaycan Respublikasının Energetika
Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi ilə Xorvatiyanın “Energia Naturalis d.o.o.” şirkəti
arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.

5 mart tarixində SOCAR, tərəfdaşı “Asarel Group” ilə birlikdə
Bolqarıstanın Panagyurişte şəhərində qazpaylayıcı şəbəkənin
tikintisi layihəsi üzrə ilkin mühəndis layihələndirilməsi və layihə
sənədlərinin hazırlanmasını (Front End Engineering Design – FEED)
başa çatdırıb.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, cari ilin
yanvar-fevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dolları
dəyərində 4,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac
edib.

“Abşeron” yatağında təbii qaz hasilatına başlanma tarixi
açıqlanıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron”
yatağının tam işlənməsi çərçivəsində ilk təbii qazın hasilatına 1
sentyabr 2029-cu ildə başlanması nəzərdə tutulur.

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 8,187 milyard
kubmetr təbii qaz hasil edilib.

Neft sektoru

8 yanvar tarixində SOCAR və Fransanın “TotalEnergies” şirkəti
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə
ediblər.

9 yanvar tarixində Azərbaycandan Ermənistana ümumilikdə 2698 ton
yük (48 vaqon) göndərilib – 1742 ton Aİ-95 markalı benzin və 956
ton dizel yanacağı.

Həmin gün bp şirkəti Xəzər dənizində, “Dərin Sulu Günəşli”
(Deepwater Gunashli) yatağında quyularda yüngül müdaxilə
əməliyyatlarının aparılması üçün ilk gəminin (Light Well
Intervention Vessel – LWIV) ayrılmasına hazırlıq gördüyünü elan
edib.

11 yanvar tarixində Azərbaycandan Ermənistana 979 ton Aİ-92
markalı avtomobil benzini yüklənmiş 18 vaqondan ibarət qatar
göndərilib.

Azərbaycan “Azəri-Çıraq-Günəşli” üzrə 2026-cı il üçün hasilat
proqnozunu açıqlayıb. Belə ki, 2026-cı ildə bu yataq üzrə neft
hasilatının 120,1 milyon barel səviyyəsində olacağı gözlənilir ki,
bu da 2025-ci ilin göstəricisindən (123 milyon barel) 3 milyon
barel azdır.

2026-cı ildə “Azəri-Çıraq-Günəşli” yatağından əldə olunacaq
gəlirlər də proqnozlaşdırılıb. Azərbaycan Dövlət Neft Fondunun
(SOFAZ) bu yataqdan gəlirləri 2026-cı ildə 4,236 milyard ABŞ
dolları səviyyəsində gözlənilir.

12 yanvar tarixində SOCAR “Quality & Document Management System”
(QDMS) platformasını istifadəyə verib.

SOFAZ-ın İtaliyadakı investisiya portfelinin bazar dəyəri
açıqlanıb. Hazırda bu portfelin bazar dəyəri 2,8 milyard ABŞ
dolları təşkil edir.

13 yanvar tarixində “China National Chemical Engineering Co.,
Ltd.” (CNCEC) şirkətinin baş ofisində keçirilən görüşdə CNCEC-in
sədri Mo Dinhe, “SOCAR Türkiye”nin neft emalı və neft-kimya biznes
istiqamətinin rəhbəri, həmçinin “Petkim”in baş direktoru Kənan
Mirzəyev ilə müzakirələr zamanı bildirib ki, şirkət SOCAR ilə
əməkdaşlığı, o cümlədən beynəlxalq bazarlara çıxış sahəsində
dərinləşdirməyə hazırdır. O, enerji və kimya sahələrində
uzunmüddətli strateji əməkdaşlığın, eləcə də regional iqtisadi
inkişafın birgə təşviqinin vacibliyini vurğulayıb.

SOCAR Kulevi terminalında 2026-cı il üzrə iş planını açıqlayıb.
Belə ki, 2026-cı ildə bu terminalda yeni rezervuar parkının
tikintisinə başlanması və işlərin 2027-ci ilin ortalarınadək başa
çatdırılması planlaşdırılır.

16 yanvar tarixində SOCAR Azərbaycan qazının Avstriya və
Almaniyaya tədarükünə başlayıb.

20 yanvar 2026-cı il tarixində SOFAZ dünyanın ən böyük
aktivlərin idarə edilməsi şirkəti “BlackRock” və onun törəmə qurumu
“Global Infrastructure Partners” (GIP) ilə strateji əməkdaşlıq
haqqında protokol imzalayıb. Sənəd çərçivəsində infrastruktur və
rəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarınadək investisiya
nəzərdə tutulur.

Həmin gün SOCAR Carbamide zavodu Dünya İqtisadi Forumunun (WEF)
nüfuzlu “Global Lighthouse” şəbəkəsinə qəbul edilib və forumun
“Digital Lighthouse” mükafatına layiq görülüb.

Eyni zamanda SOCAR ilə “Planet Labs PBC” şirkəti arasında
qabaqcıl peyk təsvirləri və geospatial analitikadan ətraf mühitin
monitorinqi üçün istifadə imkanları müzakirə olunub.

22 yanvar tarixində SOCAR İtaliyanın Eni S.p.A. şirkəti ilə
Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi
layihəsində 10 faiz iştirak payının əldə olunmasına dair saziş
imzalayıb.

26 yanvar tarixində SOCAR-ın qazma tresti “Qərbi Abşeron”
yatağında növbəti quyunun qazılmasını başa çatdırıb.

28 yanvar tarixində Ərəb Enerji Fondu və Azərbaycan Dövlət Neft
Fondu (SOFAZ) CVC DIF şirkəti ilə birgə investisiya mexanizminə
sərmayə qoyuluşu üçün tərəfdaşlıq elan ediblər. Bu mexanizm DIF VII
fondu ilə paralel investisiyalar həyata keçirir. Qeyd edək ki,
sözügedən fond daha əvvəl BƏƏ-də mərkəzləşdirilmiş soyutma
xidmətləri sahəsində aparıcı operatorlardan biri olan “PAL Cooling
Holding” şirkətinin 50 faiz payını əldə edib.

Həmin gün SOCAR ilə Çinin CITIC Construction Co., Ltd. şirkəti
arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

SOCAR əlavə məsafədən nəzarət metodlarının, o cümlədən dronların
tətbiqini, həmçinin digər aktivlərin qiymətləndirilməsi üçün
məlumatların modelləşdirilməsindən istifadə imkanlarını nəzərdən
keçirir.

Azərbaycanda Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı
ildə 1,4 milyon ton “Euro-5” standartlı benzin və 2,3 milyon ton
dizel yanacağının istehsalı planlaşdırılır.

2026-cı ildə Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun “Şərqi
Azəri” platformasında yeni çoxşaxəli quyunun qazılması
planlaşdırılır.

6 fevral tarixində Avropa Komissiyası Aİ-nin birləşmələr
haqqında qaydalarına uyğun olaraq S”OCAR Turkey Enerji A.Ş.”
(STEAS) və “Terminal Investment Switzerland Sàrl” (TISS)
tərəfindən” SOCAR Aliağa Liman İşletmeciliği A.Ş.” (“SOCAR
Terminal”) üzərində birgə nəzarətin əldə olunmasını təsdiqləyib.
TISS şirkəti MSC Mediterranean Shipping Company Holding S.A.
(İsveçrə) və “BlackRock, Inc.” (ABŞ) tərəfindən birgə idarə
olunur.




19 fevral tarixində SOCAR ilə “Gran Tierra Energy” Inc. şirkəti
arasında Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən
perspektivli quru sahə üzrə kəşfiyyat, işlənmə və hasilatın pay
bölgüsü haqqında saziş imzalanıb.

25 fevral tarixində SOCAR və “Samsung E&A Co., Ltd.”
arasında anlaşma memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin
səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional
sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və
dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsini
nəzərdə tutur.

27 fevral tarixində SOCAR və bp Xəzər hövzəsində seysmik və quyu
tədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinə
başlayır. Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ–Azərbaycan
Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ–Azərbaycan
ticarət-biznes konfransında bildirib. O qeyd edib ki, Xəzər
dənizində böyük ehtiyatların mövcudluğu səbəbindən bu istiqamət
əvvəllər prioritet olmayıb.

11 mart tarixində ABŞ Enerji İnformasiya İdarəsi (EIA)
Azərbaycanın 2026–2027-ci illər üzrə neft hasilatı proqnozunu
təqdim edib. Hesabata əsasən, Azərbaycanda neft və digər maye
karbohidrogenlərin hasilatı həm 2026, həm də 2027-ci illərdə
sutkada orta hesabla 540 min bareldən çox olacaq.

Proqnoza görə, bu göstərici 2025-ci ildəki 570 min bareldən çox
səviyyə ilə müqayisədə azalma deməkdir.

EIA-nın qiymətləndirməsinə əsasən, 2026-cı ildə hasilat birinci
rübdə gündəlik orta hesabla 550 min bareldən çox, ikinci rübdə 540
min bareldən çox, üçüncü və dördüncü rüblərdə isə 530 min bareldən
çox olacaq.

Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birinci
rübdə 550 min bareldən çox, ikinci rübdə 540 min bareldən çox,
üçüncü və dördüncü rüblərdə isə 530 min bareldən çox.

Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, cari ilin
yanvar-fevral aylarında Azərbaycandan 1,704 milyard ABŞ dolları
dəyərində 3,6 milyon ton xam neft və bitumlu süxurlardan əldə
olunan neft məhsulları ixrac edilib.

Cari ilin yanvar-fevral aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft
kəməri ilə 4,055 milyon ton tranzit neft nəql olunub.

Həmin dövrdə Bakı–Tbilisi–Ərzurum qaz kəməri ilə 3 milyard 682
milyon kubmetr qaz nəql edilib.

“Yaşıl İqtisadiyyat”

Yavnarın 7-də Xızı-Abşreon Külək Elektrik Stansiyasının
tikintisi uğurla başa çatdırılıb.

Yanvarın 13-də mühəndislik konsaltinqi, təftiş və
sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən qlobal RINA qrupu
və limanlar, terminallar və logistika üzrə qabaqcıl konsaltinq
şirkəti, dayanıqlı rəqəmsallaşma və intermodal dəmir yolu
əməliyyatları üzrə güclü ekspertizaya malik HPC Hamburg Port
Consulting, ATƏT-in “Xəzər regionunda “yaşıl limanlar”ın inkişafına
və əlaqəliliyin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində
beşillik müqavilə əldə ediblər.

Azərbaycanın Göygöl rayonu ərazisində yeni yarımstansiya
tikiləcək. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə,
layihə çərçivəsində gücü 2×40 MVA, gərginliyi 110/35/10 kV olan
yarımstansiyanın və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların
quraşdırılması, “Daşkəsən 1–2” hava xəttindən yeni yarımstansiyaya
qədər uzunluğu 11,5 kilometr olan 110 kV-luq iki zəncirli hava
elektrik ötürmə xəttinin çəkilməsi, həmçinin mövcud elektrik ötürmə
xətlərinin əsaslı təmiri nəzərdə tutulur.

Yanvarın 19-da “Green Corridor Union” MMC-nin baş direktoru
Tural Əliyev ilə Asiya İnkişaf Bankının (AİB) nümayəndələri Nana
Qurqenidze və Altınay Arapova arasında ilk görüş keçirilib.

Yanvarın 20-də SOCAR şirkəti “Honeywell” şirkəti ilə dayanıqlı
inkişaf, bərpa olunan enerji, insan kapitalının inkişafı və
qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi
aparıb.

İtaliyanın CESI şirkəti yanvarın 15-dən Transxəzər “yaşıl enerji
dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına
başlayıb.

“WindEurope” təşkilatı Azərbaycanın külək enerjisi potensialının
genişləndirilməsinə dəstək göstərəcək. Bunu Avropa külək enerjisi
sənayesi assosiasiyası “WindEurope”un sənaye məsələləri üzrə
direktoru Fil Koul bildirib. Onun sözlərinə görə, 2024-cü ilin
martında “WindEurope” ilə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi arasında qarşılıqlı anlaşma memorandumunun
imzalanmasından sonra təşkilat qabaqcıl təcrübələrin mübadiləsi və
mümkün risklərin təhlili, quruda və dənizdə (offşor) külək
enerjisinin inkişafı üzrə məsləhətlərin verilməsi, həmçinin Avropa
elektrik enerjisinin alqı-satqısı müqavilələri (PPA) bazarı üzrə
təcrübənin ötürülməsi vasitəsilə Azərbaycana dəstək göstərəcək. Bu
bazaya gələcəkdə sistemlərarası enerji dəhlizi əsaslanacaq.

Onun sözlərinə görə, “WindEurope” layihənin irəlilədilməsi
məqsədilə Azərbaycan və Aİ-də siyasətçilər, tənzimləyicilər və
potensial elektrik enerjisi alıcıları arasında əlaqələrin
qurulmasına dəstək verməyə davam edəcək.

Yanvarın 29-da Azərbaycanda “Zəngəzur” elektrik ötürmə xəttinin
çəkilməsinə başlanılıb.

Fevralın 2-də Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika
nazirliklərinin müavinləri, birgə müəssisənin nümayəndələri, CESI
S.p.A şirkəti, Asiya İnkişaf Bankı (AİB), eləcə də üç ölkənin
elektroenergetika şirkətlərinin iştirakı ilə “Mərkəzi Asiya –
Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi
əsaslandırmasının hazırlanmasına həsr olunmuş ilk onlayn iclas
keçirilib. Görüş zamanı Azərbaycanın energetika nazirinin müavini
Orxan Zeynalov qeyd edib ki, layihə ölkələr arasında enerji
əlaqələrinin möhkəmlənməsinə və strateji əməkdaşlığın daha da
dərinləşməsinə töhfə verəcək.

Qazaxıstan və Özbəkistan nümayəndələri təşəbbüsün regional
enerji inteqrasiyası və aşağı karbonlu iqtisadiyyata keçid
baxımından strateji əhəmiyyətini vurğulayıblar.

Tərəflər TİƏ-nin ilkin hazırlıq mərhələsini müzakirə edib,
sənədin İtaliyanın “CESI S.p.A” şirkəti tərəfindən Türkiyənin EPRA
və Böyük Britaniyanın JURU şirkətləri ilə birgə hazırlanacağını
qeyd edərək növbəti addımlar barədə razılığa gəliblər.

“Astara” modul elektrik stansiyasında istismara verildiyi
vaxtdan bu günədək 2,2 milyard kilovat-saat elektrik enerjisi
istehsal olunub.

Fevralın 10-da Azərbaycan “yaşıl enerji” tarixində ilk dəfə
karbon kreditləri əldə edib.

Fevralın 11-də bp şirkəti “Shafag Jabrayil Solar Limited” (SJSL)
şirkətindəki 10 faiz payını “MVM Energetika Zrt.” (MVM) şirkətinə
satdığını elan edib.

Fevralın 24-də Azərbaycanın energetika nazirinin müavini Elnur
Soltanov bildirib ki, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji
Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının
hazırlanması üçün İtaliyanın CESI şirkəti məsləhətçi kimi seçilib.
Onun sözlərinə görə, bu məsləhətçinin cəlb edilməsi ilə ilkin
tədqiqatların 11 ay ərzində aparılması planlaşdırılır və bu da
TİƏ-nin 2027-ci ilin əvvəlində tamamlanmasının mümkün olduğunu
göstərir.

Fevralın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
Azərbaycandakı nümayəndəsi Real Hacıyev Bakıda keçirilən
“Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və
məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi masada bildirib
ki, AYİB Bakı və Abşeron yarımadasının su infrastrukturunun bərpası
layihəsi üzrə texniki-iqtisadi əsaslandırmaya yaxın vaxtlarda
başlamağı planlaşdırır.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi ilə əməkdaşlıq nəzərdə tutulur və TİƏ-nin
hazırlanmasına tezliklə start veriləcək.

Fevralın 27-də Azərbaycan Energetika Nazirliyinin 2025-ci ildə
gördüyü işlərə dair hesabat dərc olunub. Hesabatda qeyd olunur ki,
Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştirak
etdiyi “yaşıl enerji dəhlizi” layihəsinə qoşulmaq
niyyətindədir.

“Rumıniya tərəfi qeyd olunan layihəyə qoşulmaq arzusunu ifadə
edib. Bununla əlaqədar Türkiyə tərəfindən 4 aprel 2025-ci ildə
imzalanmış Anlaşma Memorandumuna dəyişikliklərin edilməsi üzrə
Protokol layihəsi hazırlanıb. Hazırda sənəd tərəflər tərəfindən
nəzərdən keçirilir.

Bundan əlavə, Türkiyə tərəfindən hazırlanmış “Texniki tapşırıq”
(ToR) sənədinin layihəsi də tərəflər arasında razılaşdırma
mərhələsindədir”, – deyə hesabatda bildirilir.

Martın 3-nə olan məlumata görə, Azərbaycanda Qaradağ Günəş
Elektrik Stansiyası milli enerji sisteminə ötürülən 1 milyard 100
min kilovat-saatdan çox “yaşıl enerji” istehsal edib.

Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, cari ilin
yanvar–fevral aylarında Azərbaycan 72,208 milyon kilovat-saat
elektrik enerjisi ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin
yanvar–fevral aylarında Azərbaycanda külək elektrik stansiyalarında
(KES) 141,6 milyon kVt·saat elektrik enerjisi istehsal olunub.