
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) İranla davam edən
müharibənin qlobal təchizat zəncirlərinə mənfi təsirini azaltmaq
məqsədilə yeni təşəbbüslə çıxış edib.
Trend xəbər verir ki, BMT Baş
katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə
açıqlamasında bildirib ki, təşkilat “texniki mexanizmlərin
hazırlanması və təklif olunması” üçün xüsusi işçi qrup yaradıb. Bu
mexanizmlər əsasən gübrə və digər xammalın Hörmüz boğazı vasitəsilə
daşınmasını təmin etməyə yönəlib.
Sözçü vurğulayıb ki, təşəbbüs kommersiya məqsədli neft
daşımalarına aid deyil: “Bu, daha çox müharibənin davam edən
təsirlərinin yumşaldılmasına yönəlib”.
Onun sözlərinə görə, gübrə təchizatında yaranan problemlər yaxın
aylarda kənd təsərrüfatına ciddi təsir göstərə bilər: “Əgər yaxın
aylarda əkin aparmaq mümkün olmazsa, bu, gələcəkdə aclığın
artmasına səbəb olacaq”.
Düjarrik əlavə edib ki, yanacaq qiymətlərinin artması ərzaq və
kənd təsərrüfatı məhsullarının daşınma xərclərini yüksəldir və bu
da artıq əsas qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkən
ailələr üçün əlavə yük yaradır.
Məlumata görə, işçi qrupuna Beynəlxalq Dəniz Təşkilatı və
Beynəlxalq Ticarət Palatası daxil olmaqla bir sıra beynəlxalq
qurumlar cəlb olunacaq.
BMT-nin Baş katibi Antonio Quterreş isə məsələ ilə bağlı
aidiyyəti üzv dövlətlərlə əlaqə saxlayaraq təşəbbüsün həyata
keçirilməsi yollarını müzakirə edəcək.


