
Bakı. Trend:
Yaponiyanın “Sony” şirkəti süni intellekt istifadə edilərək
yaradılan musiqi əsərlərində plagiat dərəcəsini müəyyən etmək üçün
sistemi təqdim edib.
Trend-in
məlumatına görə, bu barədə “Nikkei Asian Review” nəşri
bildirib.
Məlumata əsasən, “Sony Group”un yeni süni intellekt modeli
təlimdə hansı mövcud mahnıların istifadə edildiyini müəyyən etməyə
və musiqi məzmunu yaratmağa qadirdir. Təhlil nəticələri kəmiyyət
şəklində təqdim olunur: məsələn, musiqi bazasının 30 faizi “The
Beatles” əsərləri, 10 faizi isə “Queen” əsərləri ilə üst-üstə düşə
bilər.
Əgər əsərin müəllifi “Sony” ilə əməkdaşlıq etməyə hazırdırsa,
şirkət musiqini yaratmaq üçün istifadə edilən əsas süni intellekt
modelinə birbaşa qoşulur. Əks halda, model mövcud əsərlərlə
oxşarlıqlarla bağlı kompozisiyanı müstəqil şəkildə təhlil edir.
Sistemin geniş praktik istifadəyə verilməsinin dəqiq tarixi hələ
müəyyən edilməyib. “Sony” əsas musiqi nəşriyyatı olaraq generativ
süni intellekt məzmununun sürətli inkişafı dövründə müəllif
hüquqlarının qorunmasında maraqlıdır. Əhəmiyyətli dərəcədə plagiat
aşkar edildiyi halda orijinal əsərlərin müəlliflərinə qonorar
ödəniləcək.

