Argentina Deputatlar Palatası cinayət məsuliyyəti yaşının 14-ə endirilməsini təsdiqlədi

Baş səhifə

Bakı. Trend:

Argentina Parlamentinin Deputatlar Palatası cinayət məsuliyyəti
yaşının 16-dan 14-ə endirilməsini nəzərdə tutan qanun layihəsini
qəbul edib.

Trend xəbər verir
ki, sənədin lehinə 149 deputat səs verib, 100 deputat isə əleyhinə
çıxıb. Qanun layihəsi baxılması üçün Senata göndəriləcək.

Təşəbbüsü Konqresə təqdim edən hökumət səsvermənin nəticələrini
alqışlayıb.




Argentina Prezidenti Xavyer Mileyin ofisinin açıqlamasında
bildirilib: “Argentina artıq mövcud olmayan bir ölkə üçün
yaradılmış normalarla idarə olunmağa davam edə bilməz. Bu qanun
layihəsi bu balanssızlığı düzəldir və istənilən nizamlı cəmiyyət
üçün fundamental prinsipi təsbit edir: cinayət törədənlər yaşından
asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar”.

Rəsmi məlumatlara görə, 2023-cü ildə 18 yaşdan kiçik şəxslər
tərəfindən təxminən 2200 cinayət törədilib.