
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn
cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata
keçirilib.
Trend xəbər
verir ki, DTX-nin yaydığı məlumatda Fuad Qəhrəmanlının pul
vəsaitlərini almasının görüntüləri də yayılıb.
Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş
ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən
Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə
yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan
Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və
“Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və
rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm
Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan
Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu,
partiyanın üzvləri – Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət
Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ
keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla
dəyişdirilməsi barədə sövdələşiblər.
Onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti
seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun
namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası”
(Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət
orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi
ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi
iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni
tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə,
idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət
göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif
rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim
Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40
manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas
Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin
törədilməsinə yönəldiblər.
Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam
etdirilir.

