Bakı. Trend:
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Trend xəbər verir
ki, bunu Benin Prezidenti Patris Talon milli televiziyada
yayımlanan xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçulardan ibarət kiçik bir qrup
üsyan törədib və bu, ordunun operativ müdaxiləsi ilə dərhal
yatırılıb. Dövlət başçısı vurğulayıb ki, çevriliş cəhdinin bütün
ocaqları zərərsizləşdirilib və üsyançıların xəyanətkar addımı
cəzasız qalmayacaq.
Prezident qeyd edib ki, hakimiyyət ölkədə tam nəzarəti təmin
edir. “Vəziyyət nəzarət altındadır. Ölkənin hər yerində
təhlükəsizlik və ictimai asayiş qorunacaq”, – deyə Talon əlavə
edib. O həmçinin bildirib ki, vətəndaşlar gündəlik işləri ilə
təhlükəsiz şəkildə məşğul ola bilərlər.

