
Bakı. Trend:
“Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlanan
proqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisini
geri çağırır.
Trend
“Spiegel” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislər güclü
Günəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatları
zədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsir
göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.
“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbəti
uçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinə
və gecikmələrə səbəb ola bilər.
Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin
yaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir.
“Reuters”in məlumatına görə, təyyarələrin bir hissəsində yalnız
əvvəlki proqram versiyasına geri dönüş tələb olunsa da, yüzlərlə
“A320”də avadanlığın tam dəyişdirilməsi mümkündür ki, bu da
uçuşların bir neçə həftəlik dayanmasına gətirib çıxara bilər.
Qərara səbəb olan hadisə oktyabrda baş verib. “JetBlue”
aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıq
və qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcili
eniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanaya
yerləşdirilib. “Airbus” baş verənlərlə bağlı təəssüfünü ifadə
edərək təhlükəsizliyin tam təmin edilməsinin şirkətin əsas
prioriteti olduğunu bəyan edib.

