Dini mövzuların işıqlandırılması jurnalistlərdən xüsusi məsuliyyət tələb edir – Vüqar Zifəroğlu

Baş səhifə

Qusar. Trend:

Dini mövzuların işıqlandırılması jurnalistlərdən xüsusi
həssaslıq və yüksək məsuliyyət tələb edir.

Trend-in Qusara
ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin dekanı, Medianın İnkişafı
Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Qusarda
keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin
qorunmasında birgə məsuliyyət” mövzusunda baş tutan konfransda
“Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında
medianın məsuliyyəti” adlı II panel sessiyasında moderator kimi
çıxışı zamanı deyib.

O bildirib ki, dini mövzu Azərbaycan cəmiyyəti üçün həssas
məsələdir və ölkənin milli-mənəvi dəyərlər sistemində mühüm yer
tutur.

“Dini mövzu bizim hər birimiz üçün həssas mövzudur. Çünki din
Azərbaycan mənəvi dəyərlər sistemində olduqca ciddi özülə malikdir.
Üçrəngli bayrağımızın yaşıl rəngi dinimizlə bağlıdır. Yəni milli
ideologiyamızın üç əsas sütunundan biri dinimizdir. Bu baxımdan
Azərbaycanda elə bir insan olmaz ki, dini məsələlərə həssas
yanaşmasın”, – deyə o vurğulayıb.




V.Zifəroğlu qeyd edib ki, bu həssaslıq jurnalistlərin cəmiyyət
qarşısındakı məsuliyyətini daha da artırır.

“Jurnalistlər onsuz da cəmiyyət qarşısında sosial məsuliyyət
daşıyırlar və peşə fəaliyyətlərini bu məsuliyyət hissi ilə həyata
keçirməlidirlər. Ancaq bəzi mövzular var ki, onlarda xüsusilə
ehtiyatlı və həssas davranmaq lazımdır. Çünki biz ailələrə,
insanlara müraciət edirik. Bizim əsas funksiyamız cəmiyyəti
məlumatlandırmaq və maarifləndirməkdir. Dini mövzuların
işıqlandırılmasında da medianın öz missiyası olmalıdır”, – deyə o
əlavə edib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı bildirib ki, Azərbaycan
mətbuatı yaranandan bəri dini mövzulara məsuliyyətli yanaşma
nümayiş etdirib.

“Peşə bayramımızın əsasını qoyan ‘Əkinçi’ qəzetindən başlayaraq
mətbuat orqanlarımız dini mövzuların işıqlandırılmasında həmişə
həssas və maarifləndirici mövqe sərgiləyiblər. Bu ənənəni bu gün də
qoruyub saxlaya bilirikmi? Bu ayrıca müzakirə mövzusudur və panel
çərçivəsində bu məsələlər ətrafında fikir mübadiləsi aparacağıq”, –
deyə V.Zifəroğlu vurğulayıb.