
Bakı. Trend:
Cari ilin tədbirlər planına uyğun olaraq, 17 Noyabr – Milli
Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər
keçirilib.
Trend bu barədə
Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda
şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa
olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan
yolumuzun başlanğıcı olmasından danışıblar. Həmçinin 17 Noyabr –
Milli Dirçəliş Gününün xalqımızın azadlıq mübarizəsindəki əsas
mərhələlərdən olması, ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki
tarixi rolu barədə geniş məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan
azad etməsi nəticəsində bu gün 17 Noyabr – Milli Dirçəliş Gününün
Vətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyük
qürur və iftixar hissi ilə qeyd olunub.
Silsilə tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri,
mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyük
maraq və alqışlarla qarşılanıb.

