
Bakı.Trend:
Slovakiya Prezidenti Peter Pelleqrini bazar ertəsi Azərbaycana
rəsmi səfərə yola düşüb.
Bu barədə Slovakiya Prezidentinin Ofisi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində enerji sahəsində əməkdaşlığın
dərinləşdirilməsi, Slovakiya ixracının dəstəklənməsi, sənaye və
texnoloji əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkə
arasında nəqliyyat əlaqələrinin inkişafı məsələləri müzakirə
olunacaq.
Bundan əlavə, münaqişədən zərər çəkmiş ərazilərin bərpası və
inkişafı layihələrində slovak tərəfdaşların iştirak imkanlarının da
nəzərdən keçirilməsi gözlənilir.
“Məlumata əsasən, səfər çərçivəsində Peter Pelleqrini Ağdam
rayonuna səfər edəcək, burada Baş Qərvənd kəndində həyata keçirilən
“Ağıllı Kənd” (Smart Village) layihəsi ilə tanış olacaq və general
Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində
iştirak edəcək. Səfər ötən ilin dekabrında Azərbaycan Prezidentinin
Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərindən bir neçə ay sonra
baş tutur. Prezidenti səfərdə müdafiə naziri Robert Kalinyak,
iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay
Eştok, eləcə də Slovakiya Milli Bankının sədri Peter Kajimir
müşayiət edir”, – məlumatda bildirilir.
Bundan əvvəl bildirilib ki, Slovakiya Prezidentinin Bakıya səfər
proqramı ilə paralel olaraq, slovak iş adamlarının iştirakı ilə
Slovakiya–Azərbaycan biznes forumu da keçiriləcək.

