Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının
iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər verir ki,
müraciətdə deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Sizi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya
Telekommunikasiyanın İnkişafı Konfransında Bakı şəhərində
səmimi-qəlbdən salamlayıram.

Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir –
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz
və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda
keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycan ilə Beynəlxalq
Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli
səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda ölkəmizin
rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik
olmasının bariz göstəricisidir.

Telekommunikasiya və informasiya texnologiyaları sahəsində
fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları
və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi
strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv
və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində
müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.

Dünya artıq yeni bir rəqəmsal dövrə qədəm qoymuşdur. Hazırda
texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini
şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas
amillərdən birinə çevrilmişdir. Təəssüf ki, rəqəmsal dünyanın bu
qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də
internetə çıxış imkanından məhrumdur. Müasir dövrdə heç bir ölkə və
heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bunun təmin
olunması bizim ortaq məsuliyyətimizdir.

Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft
iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, son dörd ildə sabit
artım ritmi qazanmışdır. Bütün bunlar süni intellektin inkişaf
etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal
infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl
tədbirlərlə müşayiət olunur.

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası
Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil
edir. Bundan əlavə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə
milli prioritetlər” sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın
inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri
kimi müəyyənləşdirilmişdir. Biz bu istiqamətdə dövlət və özəl
sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə
dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət
sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. “SİMA” adlı
biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi
tərəfindən qəbul edilmiş, 80-dən çox dövlət informasiya sisteminə
inteqrasiya olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası
qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu
indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi
edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm
də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində
eyni zamanda Bakı şəhərində BTİ-nin Regional Akselerasiya
Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya
şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və
sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir.

Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, qəbul
olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz
və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək,
milyardlarla insanın həyatına öz təsirini göstərəcəkdir.

Sizə bir daha ən xoş arzularımı yetirir, məhsuldar müzakirələr,
tədbirin işinə uğurlar arzulayıram”.