
Bakı. Trend:
Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət
müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan
sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil
yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin
yüksəlməsinə səbəb olur.
Trend
xəbər verir ki, bu barədə BDYPİ-nin çağırışında qeyd edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir
ki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika
ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul
xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.
“Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər
tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik
nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir. Bu cür
halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir
daha sürücülərə müraciət edir:
Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın,
nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və
ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı hava
şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə
fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına
əyləşməyin.
Unutmayın – yolda intizam və məsuliyyət hər bir sürücünün
təhlükəsizliyinin əsas təminatıdır”,- deyə məlumatda qeyd
edilib.

