
Bakı. Trend:
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda böyük potensial
mövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasına
çevrilib.
Trend xəbər
verir ki, bunu Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova
bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı
zamanı deyib.
Onun sözlərinə görə, son 5 ildə Qazaxıstan bu marşrut üzrə
ticarət dövriyyəsini təxminən 6 dəfə artırıb:
“Keçən il marşrut üzrə dövriyyə 4,5 milyon dollar olub. Bu il
isə həcmin daha da artırılması planlaşdırılır və ilin sonuna 5
milyon dollara çatdırılması nəzərdə tutulur”.
Nazir müavini vurğulayıb ki, Qazaxıstan həmçinin rəqəmsal
əməkdaşlıq və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirir:
“İT, süni intellekt və rəqəmsal platformaların inkişafı bu gün
rəqabət qabiliyyətini artıran əsas amillərdəndir. İşgüzar səfərim
zamanı çox maraqlı rəqəmsal məhsullarla tanış oldum və onları milli
qanunvericiliyimizə tətbiq etməyi planlaşdırırıq. Rəqəmsal həllərlə
françayzinq modellərinin birləşməsi böyük perspektivlər açır,
ticarəti daha əlçatan, şəffaf və sürətli edir”.

