Bakı.Trend:
Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion
xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən
temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və
ətrafların aftalı zədələnmələri ilə səciyyələnir.
Trend xəbər
verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur
Rzayev verib.
O bildirib ki, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi
var:
“Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan
təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan
heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin
rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır
formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və
yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi
olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və
vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə
yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur
və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş
heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi
vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən
və digər xəstəliklərdən təfriq etmək lazımdır”.
Bayandur Rzayev deyib ki, 2023-cü ilədək ölkə ərazisində dabağın
3 tipinə qarşı profilaktik peyvəndləmələr aparılırdı:
“2023-cü ildən sonra isə peyvənd proqramına 4-cü tip əlavə
olunub. Hal-hazırda isə müvafiq araşdırmalar aparılır. Ehtiyac
yarandığı təqdirdə 5-ci tip də əlavə edilə bilər. Heyvan
xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri mütəmadi
aparılır, bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi ilə əlaqəli şəkildə kommunikasiya edilir və müvafiq
tədbirlər birlikdə həyata keçirilir”.
Şöbə müdirinin sözlərinə görə, dabaq xəstəliyinin qida
məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır:
“Bu ehtimal demək olar ki, yoxdur. “Dabaq xəstəliyi insanlara
heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə
bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu
ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara
keçmə ehtimalı sıfıra bərabərdir”.

