
Bakı. Trend:
Bu günlərdə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye
parklarında yeni rezidentlər qeydiyyata alınıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley
Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkında qeydiyyata alınmış yeni rezident tərəfindən 2,5 hektar
ərazidə soyutma avadanlıqlarının istehsalı layihəsi həyata
keçiriləcək:
“Müəssisədə il ərzində 5 növdə olmaqla 3680-dən çox soyutma
avadanlıqları istehsal olunacaq. İnşa ediləcək müəssisənin
investisiya dəyəri 8 milyon manat təşkil edir.
Ağdam Sənaye Parkının isə yeni qeydiyyata alınan rezidenti
tərəfindən mebel istehsalı layihəsi icra ediləcək. Layihə
çərçivəsində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal
aksesuarların istehsalı nəzərdə tutulur. Müəssisənin illik istehsal
gücü 4 min ədəd mebel istehsalı təşkil edəcək. Fabrikin investisiya
dəyəri 6 milyon manatdır”.
E. Kazımov vurğulayıb ki, yaradılacaq bu iki müəssisədə
ümumilikdə 100-ə yaxın daimi iş yeri yaradılacaq: “Bundan başqa,
hazırda bu iki sənaye parkının rezidenti olmaq istəyən sahibkarlar
tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə 10-dan çox
layihə təqdim edilib. Əsasən təqdim edilən layihələr tikinti
materiallarının, mebel, tekstil, məişət, və s. məhsulların
istehsalı üzrə ixtisaslaşıblar”.


