
Bakı. Trend:
Ötən dövr ərzində Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli
əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə
nazirlikləri səviyyəsində həyata keçirilən fəaliyyətlər nəticəsində
ardıcıl şəkildə inkişaf edərək zənginləşdiyinin şahidi olduq.
Trend xəbər
verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün
Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü
Üçtərəfli Görüşündə çıxışı zamanı səsləndirib.
Spikerin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin,
Pakistanın baş nazirinin 2024-cü ilin iyulunda Astanada keçirilən
üçtərəfli görüşü və xüsusən də bu ilin mayında Azərbaycanın
işğaldan azad olunmuş Laçın şəhərində baş tutan Üçtərəfli Zirvə
Görüşü bu mexanizmi keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Həmin görüşlərdə, mahiyyət etibarilə, qardaş ölkələrimiz
arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi, eləcə də
üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji,
müdafiə, humanitar və digər sahələrdə inkişaf etdirilməsi
iradəsinin nümayiş etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd
edib ki, bu iradədən qaynaqlanaraq bu gün Parlament Sədrləri
səviyyəsində keçirilən Üçtərəfli Görüş də qardaş ölkələrimizin
əməkdaşlığına parlament dəstəyinin gücləndirilməsinə yönəlmiş
qətiyyətimizin bir ifadəsidir.
O, inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu
məqsədə nail olacaqlar.

