
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
QSC-nin rəhbərliyi ilə Macarıstanın “Wizz Air” aviaşirkəti arasında
Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuş
marşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.
Görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərinin
açılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa)
istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələləri
müzakirə edilib. Tərəflər, eyni zamanda “Wizz Air” uçuşlarının
Azərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanma
imkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmin
inkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalq
əlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.
Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır.
İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərində
reyslərin icrası nəzərdə tutulur.
“Azərbaycan Hava Yolları” QSC və “Wizz Air” aviaşirkəti yeni
marşrutların açılması istiqamətində real irəliləyiş əldə edərək
növbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək.
Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatan
marşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorunun
regional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.


