“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə və Qırğızıstanda işgüzar səfərdə olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə Respublikasının
İzmir, Çanaqqala şəhərləri və Qırğız Respublikasının paytaxtı
Bişkek şəhərinə işgüzar səfər edib.

Səfərlər qardaş türk dövlətləri ilə dağ-mədən sahəsində
əlaqələrin möhkəmləndirilməsi, qarşlıqlı investisiya potensialının
genişləndirilməsi, geoloji kəşfiyyat, faydalı qazıntıların
hasilatı, tədqiqi, işlənilməsi və emalı sahəsində texniki təcrübə
mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Türkiyə Respublikasına səfər çərçivəsində “AzerGold” QSC-nin
nümayəndələri “Tümad”, “Zenit”, “Bilfer” mədənlərində olublar.
Görüşlər çərçicəsində iki ölkə arasında dağ-mədən sənayesində
mövcud uğurlu əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi,
yeni texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə və bilik
mübadiləsi, eləcə də gələcək birgə layihələrin idarə olunması
istiqamətində səmərəli müzakirələr aparılıb.

Nümayəndə heyəti daha sonra Qırğız Respublikasının Təbii
Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin dəvəti ilə
Bişkek şəhərinə səfər edib. Səfər çərçivəsində Nazir müavini Marat
Jusufbekov və bu ölkənin aparıcı dağ-mədən şirkəti “Qırğızaltın”
MMC-nin rəhbər şəxsləri ilə görüşlər keçirilib. “AzerGold” QSC-nin
dağ-mədən sənayesindəki qabaqcıl təcrübəsi, qarşılıqlı əməkdaşlıq
və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.




Müzakirələr zamanı Qırğızıstanın Unkurtaş, Sarıtyube və
Karatyube qızıl yataqlarının texniki-geoloji dəyərləndirilməsi,
potensial investisiya imkanları, habelə geoloji tədqiqat və kadr
hazırlığı sahəsində qarşılıqlı təlim və təcrübə mübadiləsi
proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub. Qırğız
tərəfi bu istiqamətdə “AzerGold” QSC ilə əməkdaşlığa xüsusi maraq
göstərdiyini qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin uzun illər xarici
şirkət tərəfindən istismar edilən, hazırda isə Qırğızıstana məxsus
“Kumtor Gold” şirkəti tərəfindən idarə olunan “Kumtor” qızıl
mədənində də olub. Burada nümayəndələr açıq karxana və yeraltı
mədən üsulu ilə qızıl hasilatı prosesi ilə yaxından tanış olub,
yerli mədənçıxarma təcrübəsini əyani surətdə müşahidə edib.

Qeyd edək ki, bu tip səfərlər “AzerGold” QSC-nin beynəlxalq
əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsi olmaqla, regional
əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verir. Səfər zamanı
əldə olunan razılaşmalar və fikir mübadiləsi, tərəflər arasında
gələcəkdə həyata keçiriləcək layihələrin səmərəli icrası üçün
möhkəm zəmin yaradır.