
Bakı. Trend:
Visa bu gün Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika
(CEMEA) regionundakı müştərilər üçün yeni nəsil ticarətin
inkişafını dəstəkləyən süni intellekt, steyblkoin və token
texnologiyaları üzrə yeni imkanlarını təqdim edib. İyulun 1-də
Parisdə keçiriləcək Visa Payments Forum (VPF)
ərəfəsində şirkət süni intellekt və steyblkoinin ticarətin və pul
vəsaitlərinin hərəkətinin həm müştəriyə görünən (front-end), həm də
infrastruktur (back-end) səviyyəsində necə transformasiya
yaratdığını nümayiş etdirib. Visa, eyni zamanda, müştərilərinə bu
yeni texnologiyaları təhlükəsiz şəkildə tətbiq etmək,
genişləndirmək və etibarlı rəqəmsal xidmətlər yaratmaq üçün təqdim
etdiyi həllər barədə məlumat verib.
“Ticarət sürətlə yeni mərhələyə qədəm qoyur – o, daha ağıllı,
proqramlaşdırıla bilən və gündəlik həyatın ayrılmaz hissəsinə
çevrilir,” – deyə Visa-nın CEMEA regionu üzrə prezidenti Tariq
Mahmud bildirib. “Rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən
şirkətlər üçün yeni texnologiyalar böyük imkanlar yaradır. Bununla
yanaşı, etimad, təhlükəsizlik və qarşılıqlı əlaqə hər zamankından
daha böyük əhəmiyyət daşıyır. Visa olaraq məqsədimiz ödəniş
ekosisteminin həm müştəriyə görünən, həm də infrastruktur
səviyyəsində innovasiyaları etibarlı şəkildə dəstəkləyən
texnologiyalar təqdim etmək, bununla da istehlakçılar və bizneslər
üçün daha keyfiyyətli təcrübə yaratmaqdır.”
Süni intellekt əsaslı ticarətin inkişafı
Visa bildirib ki, süni intellekt ödəniş əməliyyatlarının
başladılması, təsdiqlənməsi və təhlükəsiz şəkildə həyata
keçirilməsi prosesini sürətlə transformasiya edir. Eyni zamanda, bu
texnologiya yeni ticarət həllərinin hazırlanmasını, inkişaf
etdirilməsini və bazara çıxarılmasını daha səmərəli edir. Süni
intellekt agentləri istehlakçılar və bizneslər adından daha çox
əməliyyat həyata keçirdikcə, Visa-nın agent əsaslı ticarət
platforması olan Visa Intelligent Commerce bu
agentlərin ödəniş əməliyyatlarını təhlükəsiz şəkildə aşkar etməsi,
başlatması və tamamlaması üçün tələb olunan etimad, təhlükəsizlik
və nəzarət mexanizmlərini təmin edir.
Bu ekosistemin etibarlı fəaliyyətini dəstəkləmək məqsədilə Visa
agentlər tərəfindən başladılan əməliyyatların şəffaf və təhlükəsiz
həyata keçirilməsi üçün bazar iştirakçıları ilə əməkdaşlıq edir. Bu
təşəbbüslər çərçivəsində Visa New Generation
şirkəti ilə birlikdə hazırladığı Agent Score
həllini təqdim edib. Həll satıcılara veb-saytlarının agent əsaslı
ticarətə hazırlıq səviyyəsini qiymətləndirməyə imkan verir. Buraya
süni intellekt agentlərinin veb-saytda naviqasiya edə bilməsi,
tapşırıqları düzgün başa düşməsi və əməliyyatları təhlükəsiz
şəkildə yerinə yetirməsi daxildir. Visa həmçinin Agentic
Directory həllini istifadəyə verib. Bu həll agent əsaslı
ticarət ekosistemində təsdiqlənmiş agent və satıcıların vahid
reyestrini formalaşdırır. Beləliklə, satıcılar hansı agentlərə
etibar edə biləcəklərini, agentlər isə qarşılıqlı əlaqədə olduqları
satıcıların etibarlı tərəfdaş olduğunu əvvəlcədən müəyyən edə
bilirlər.
Tokenizasiya yeni nəsil rəqəmsal ödənişləri
sürətləndirir
Visa bildirib ki, CEMEA regionunda elektron ticarətin sürətli
inkişafını təmin edən əsas amillərdən biri tokenizasiyanın geniş
tətbiqidir. Bu texnologiya elektron ticarət və mobil ödənişlərdə
daha təhlükəsiz, rahat və fasiləsiz ödəniş təcrübəsi yaradır.
Şirkətin məlumatına görə, CEMEA regionunda tokenləşdirilmiş
əməliyyatların payı 2023-cü ildəki 26 faizdən 2026-cı ildə 70 faizə
yüksəlib.
Bugün tokenlər artıq sadəcə kart məlumatlarını əvəz edən
identifikator deyil. Ticarət yeni kanallar və süni intellekt
agentləri vasitəsilə genişləndikcə, Visa tokenlərə əlavə kontekst
məlumatları inteqrə edir. Buraya əməliyyatın növü, tokenin istifadə
olunduğu mühit və ödənişi həyata keçirən tərəf haqqında məlumatlar
daxildir. İkinci əsas nailiyyət token təminatı siqnalıdır. Tokendən
istifadə hər əməliyyatın arxasında etimad siqnalı yaratmaq üçün
onun təminat və davranış tarixçəsinə əsasən qiymətləndirilir.
Visa hesab edir ki, bu yeniliklər birlikdə tokenlərin etibarlı
rəqəmsal və süni intellekt əsaslı ticarətdə rolunu daha da
gücləndirəcək. Nəticədə, əməliyyatlar daha avtomatlaşdırılmış və
ağıllı olduqca, maliyyə qurumları və bizneslər daha zəngin məlumat
bazasına və daha etibarlı risk qiymətləndirmə imkanlarına malik
olacaqlar.
Steyblkoin hesablaşmaların yeni mərhələsini
formalaşdırır
Visa steyblkoin və blokçeyn texnologiyası əsasında qurulan
infrastruktur vasitəsilə hesablaşmaların və pul köçürmələrinin
modernləşdirilməsi istiqamətində əldə olunan yenilikləri də təqdim
edib. Bu istiqamətdə şirkət Tokenized Deposits
həllini inkişaf etdirir. Həll banklara ənənəvi depozitləri
proqramlaşdırıla bilən və fasiləsiz fəaliyyət göstərən rəqəmsal
aktivlərə çevirməyə imkan verir. Bunun sayəsində maliyyə
institutları mövcud bank depozitlərinin etibarlılığını qorumaqla
yanaşı, steyblkoinin təqdim etdiyi sürət və çeviklikdən də
faydalana bilirlər.
Visa eyni zamanda müxtəlif regionlar, blokçeynlər və valyutalar
üzrə steyblkoinlə hesablaşmaların həyata keçirilməsinə dair pilot
layihələri genişləndirir. Şirkət 2025-ci ilin əvvəlində ilk
steyblkoin əsaslı hesablaşma pilotlarını işə salıb. 2026-cı ilin
mart ayına olan məlumata görə, VisaNet vasitəsilə milyardlarla ABŞ
dolları dəyərində steyblkoin əməliyyatları həyata keçirilib və bu
əməliyyatların illik dövriyyəsi təxminən 7 milyard ABŞ dollarına
çatıb. Hazırda emitent banklar Visa ilə həftənin yeddi günü zəncir
üzərində hesablaşmalar apara bilirlər. Visa bu modeli daha da
genişləndirərək alıcı bankların da 7/24 hesablaşma imkanlarından
faydalanmasını təmin etmək üzərində çalışır. Şirkətin məlumatına
əsasən, CEMEA regionunda steyblkoin əsaslı hesablaşmalar istifadəyə
verildikdən sonra son bir il ərzində əməliyyat həcmləri təxminən 60
dəfə artıb.
Visa həmçinin steyblkoinlə əlaqələndirilmiş kart proqramlarının
inkişafını davam etdirir. Bu proqramlar istifadəçilərə Visa
kartlarının qəbul edildiyi bütün ticarət nöqtələrində steyblkoin
balanslarından gündəlik ödənişlər üçün istifadə etməyə imkan verir.
Hazırda dünya üzrə 160-dan çox belə proqram istifadədədir və ya
hazırlanma mərhələsindədir.
Süni intellekt məlumatları daha ağıllı qərarlara
çevirir
Visa ödəniş ekosistemində qərarvermə prosesini təkmilləşdirmək
məqsədilə müasir infrastrukturunu süni intellekt və data
analitikası imkanları ilə birləşdirməyə davam edir. Şirkətin təqdim
etdiyi həllərdən biri banklara müştərilərin ehtiyaclarını
əvvəlcədən müəyyən etməyə kömək edən süni intellekt əsaslı
Visa Trip Intelligence platformasıdır. CEMEA
regionunda istifadəyə verilən bu həll VisaNet məlumatlarını üçüncü
tərəf məlumatları ilə birləşdirərək müştərinin səyahət niyyətini
müəyyən edə, fərdiləşdirilmiş səyahət ssenariləri formalaşdıra və
banklara istifadəyə hazır analitik məlumat təqdim edə bilir. Bu
imkanlar sayəsində banklar müştərilərlə səyahətdən əvvəl daha
effektiv ünsiyyət qura, ödəniş prosesində yarana biləcək maneələri
minimuma endirə və səyahət zamanı daha fərdiləşdirilmiş
üstünlüklər, xidmətlər və təkliflər təqdim edə bilirlər.
Visa haqqında
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və
dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes,
maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə
əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat,
etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı
birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və
iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz
əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün
dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək
qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün:
Visa.com.

