
Leypsiq.Trend:
Ukrayna qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasında (WUF13) post-münaqişə dövrünün bərpası sahəsində
Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır.
Bunu Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF)
Sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında Trend-in müxbirinin sualı
cavablandırarkən Ukraynanın bərpa üzrə baş nazirinin müavini –
icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba
bildirib.
“Təcrübə mübadiləsinə hazırıq. Bir neçə həftədən sonra Bakıda
keçiriləcək forumda iştirak edəcəyik və orada bu kimi məsələləri
müzakirə etməyi planlaşdırırıq”,- deyə Kuleba bildirib.
Onun sözlərinə görə, münaqişə illəri ərzində 40 mindən çox
obyekt dağıdılıb və ya zədələnib. Bunların sırasında 33 min
çoxmənzilli yaşayış binası və 200 min fərdi ev yer alır. Problemin
həlli məqsədilə Ukrayna iki mərhələli bərpa planı həyata keçirir.
Əsas diqqət operativ bərpa işlərinə və zərərçəkmiş vətəndaşlara
kompensasiyaların ödənilməsinə yönəldilib. Artıq 193 mindən çox
şəxs zədələnmiş və ya məhv edilmiş əmlaka görə kompensasiya
alıb.
Kuleba vurğulayıb ki, Ukrayna müharibədən sonrakı dövr üçün
genişmiqyaslı bərpa strategiyası hazırlayır, lakin bunun vaxtı
müharibənin nəticələrindən asılı olacaq.
“Bizim üçün prioritet – insanlarımızdır. Hazırda sürətli və
şəffaf kompensasiya mexanizmlərinə fokuslanmışıq. Müharibədən sonra
isə Ukraynanın genişmiqyaslı bərpa strategiyasını həyata keçirməyi
planlaşdırırıq”,- deyə Kuleba əlavə edib.
Qeyd edək ki, “WUF13” mayın 17-dən 22-dək BMT-nin UN-Habitat
proqramı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda
keçiriləcək. Forum müxtəlif ölkələrdən dövlət qurumlarının,
bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin və
akademik dairələrin nümayəndələrini, eləcə də beynəlxalq
təşkilatları bir araya gətirəcək.

