Bakı. Trend:
ABŞ-də Prezident Donald Trampın helikopterinin ekipajını lazerlə
kor etməyə cəhd edən şəxs həbs olunub.
Trend xəbər verir
ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğu
helikopterin Ağ Evdən yola düşməsi zamanı baş verib.
ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli şəxsi küçədə köynəksiz
halda öz-özünə yüksək səslə danışarkən görüb. Agent ona
yaxınlaşanda həmin şəxs qırmızı lazeri prezident helikopteri havaya
qalxarkən pilotların üzünə tutub.
Məxfi Xidmət əməkdaşı dərhal lazeri onun əlindən alıb və
qollarını qandallayıb.
Məhkəmə sənədlərində qeyd olunub ki, həmin şəxsin hərəkətləri
prezident helikopterinin pilotu üçün, xüsusən də müşayiətçi
helikopterlərin yaxınlığında aşağı hündürlükdə uçuş zamanı qəfil
görmə itkisi və oriyentasiyanın pozulması riski yaradıb.

