NATO-nun “Qələbə nəzəriyyəsi” planı Rusiyaya qarşı yönəlməyib – Draqone

Baş səhifə

Bakı.Trend:

NATO-nun “Qələbə nəzəriyyəsi” (Theory of Victory-ing.) adlı yeni
planı “müharibənin heç vaxt başlamamasına” yönəlib.

Bunu NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone “La
Repubblica” qəzetinə müsahibəsində jurnalistin planın Rusiyaya
qarşı təxribat olub-olmadığı ilə bağlı sualını cavablandırarkən
bildirib.

“Bu kontekstdə “qələbə” sözü ilk növbədə yalnız bir məna
daşıyır: bizə təhdid yaradanlar buna nə qədər əmin olsalar da,
müharibə heç vaxt başlamayacaq. Məhz buna görə də kollektiv
çəkindirmə sistemimizin etibarlı olduğunu və mövcud şəraitə uyğun
gəldiyini nümayiş etdirməliyik”, – deyə o bildirib.

Draqonenin sözlərinə görə, müdafiə planlaşdırması təxribat
deyil, hər bir məsuliyyətli hərbi təşkilatın vəzifəsidir.




“Müdafiə planlaşdırması təxribat deyil, hər bir məsuliyyətli
hərbi təşkilatın vəzifəsidir. Bu, çəkindirmənin effektivliyinin
yalnız o zaman təmin olunduğu prinsipinə əsaslanır ki, rəqib
hücumunun uğur qazanmaq şansının olmadığını bilsin”, – deyə Draqone
izah edib.

Onun fikrincə, ən yaxşı qələbə uğrunda döyüşməyə ehtiyac
qalmayan qələbədir.

NATO-nun hərbi komandanlığı pilotsuz uçuş aparatlarından (PUA)
və süni intellektdən istifadəyə xüsusi diqqət yetirməklə alyansın
şərq cinahının müdafiəsi üzrə yeni plan hazırlayıb. “Qələbə
nəzəriyyəsi” adlandırılan plan oktyabrın 12-də NATO-nun Avropadakı
Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə təqdim
ediləcək.

KİV-in məlumatına görə, planın məqsədi “NATO ərazisinə mümkün
müdaxiləyə” necə cavab veriləcəyini dəqiqləşdirməkdir. Bundan
əlavə, sənəd son dörd ildə meydana çıxmış yeni silah növlərinin
ənənəvi silahlarla necə uzlaşdırılacağını nümayiş etdirməyə xidmət
edir.