DYP yağışlı və dumanlı hava ilə bağlı sürücülərə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollarda
təhlükəsizliklə bağlı sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan
yağışlı və dumanlı hava, xüsusilə gecə və səhər saatlarında
yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü isə
avtomobilin idarə olunmasını çətinləşdirir və əyləc məsafəsini
uzadır.

BDYPİ həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin
artacağını nəzərə alaraq sürücülərə səfərlərini əvvəlcədən
planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı
və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edib.




Bildirilib ki, sürücülər sürəti yol və görünüş şəraitinə uyğun
seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı və texniki nasazlığı
olan avtomobillərlə yola çıxmamalıdırlar. Ötmə və manevr zamanı,
həmçinin dayanma və durma yerlərinin seçilməsində təhlükəsizlik
tələblərinə ciddi əməl olunmalıdır.

İdarə sürücüləri diqqətli və məsuliyyətli davranmağa, özlərinin
və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa
çağırıb.