“SOCAR Türkiyə” və “Pegasus” ekoloji aviayanacaq üzrə saziş bağlayıb

Baş səhifə

Bakı.Trend:

“SOCAR Türkiyə” və “Pegasus Airlines” ekoloji aviasiya yanacağı
sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.

“SOCAR Türkiyə”nin məlumatına görə, saziş Türkiyənin aviasiya
sektorunda enerji keçidinin və karbonsuzlaşdırma prosesinin
dəstəklənməsinə yönəlib.

Sənəd Türkiyənin ekoloji aviasiya yanacağına olan tələbatının
müəyyənləşdirilməsi, bu yanacaq üzrə dəyər zəncirinin inkişafı üçün
texniki-iqtisadi araşdırmaların aparılması, biznesin inkişafı və
maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi, həmçinin həm
Türkiyədə, həm də digər bazarlarda dayanıqlı aviasiya yanacağı
sahəsində əməkdaşlıq imkanlarının araşdırılması üzrə tərəflərin
əməkdaşlığını nəzərdə tutur.

Tərəfdaşlar həmçinin ekoloji aviasiya yanacağının istehsalı və
istifadəsinə hazırlıq səviyyəsini qiymətləndirəcək yüksək səviyyəli
rəhbərlərin iştirak etdiyi birgə işçi qrupunun yaradılmasını
planlaşdırırlar. Bu təşəbbüsün Türkiyədə dayanıqlı aviasiya
ekosisteminin inkişafına və aviasiya sektorunun karbon
emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir.




Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR
Türkiye” ekoloji aviasiya yanacağının istehsalı, tədarük
zəncirlərinin inkişafı və texnoloji tərəfdaşlıqlar istiqamətində
fəaliyyətini davam etdirir. Öz növbəsində, “Pegasus Airlines” bazar
tələbatını qiymətləndirmək və ekoloji aviasiya yanacağının aviasiya
yanacağı tədarük zəncirində səmərəli tətbiqinə dəstək vermək
məqsədilə öz əməliyyat təcrübəsindən istifadə etməyi
planlaşdırır.

“Ekoloji aviasiya yanacağı aviasiya sənayesinin karbon izinin
azaldılmasında mühüm rol oynayır və biz bu sahədə güclü və
uzaqgörən tərəfdaşlarla əməkdaşlığa böyük önəm veririk. “Pegasus”
ilə imzaladığımız saziş Türkiyənin ekoloji aviasiya yanacağı
sahəsində potensialının qiymətləndirilməsi və gələcək əməkdaşlığın
inkişafı istiqamətində mühüm addımdır. Əminik ki, bu proses həm
sənayemizə, həm də bütövlükdə ölkəyə fayda verəcək”, – deyə “SOCAR
Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov bildirib.

“Pegasus Airlines”ın baş icraçı direktoru Güliz Öztürk isə qeyd
edib ki, dayanıqlı həllər aviasiyanın gələcəyinin əsasını təşkil
edir. Onun sözlərinə görə, aviaşirkət 2022-ci ildən etibarən
ekoloji aviasiya yanacağından istifadəni ardıcıl şəkildə davam
etdirir.

“”SOCAR Türkiyə” ilə imzaladığımız saziş bizə ekoloji aviasiya
yanacağı sahəsində ekspertizamızı daha da dərinləşdirməyə, eyni
zamanda Türkiyədə ekoloji aviasiya yanacağı ekosisteminin
inkişafına töhfə verməyə imkan yaradacaq. Biz bu əməkdaşlığı
sənayenin tələbatını daha yaxşı anlamağa və gələcəyin ekoloji təmiz
aviasiyasının inkişafı üçün yeni imkanlar açmağa kömək edəcək
strateji addım kimi qiymətləndiririk”, – deyə Güliz Öztürk
vurğulayıb.